Rusiya XİN Ukrayna məsələsində Avropa siyasətçilərinin “ziddiyyətli” bəyanatlarını qeyd edib

2026/05/1780159694.jpg
Oxunub: 363     20:39     30 May 2026    
Rusiya Xarici İşlər Nazirliyi Ukraynada münaqişənin nizamlanması ilə bağlı bir sıra Qərb siyasətçilərinin ictimai açıqlamalarında ziddiyyətlər olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Nazirliyin qiymətləndirməsinə görə, NATO və Avropa İttifaqı ölkələrinin nümayəndələrinin bəyanatlarında danışıqlara çağırışlarla yanaşı, Kiyevə hərbi və sanksiya dəstəyinin artırılması tələbləri də yer alır.

Nümunə kimi Almaniya kansleri Fridrix Mertsin 2025-ci il avqustun 13-də verdiyi açıqlama göstərilib.

O, ümumi transatlantik strategiya çərçivəsində atəşkəsdən və əsas şərtlərin razılaşdırılmasından başlayacaq danışıqlar prosesinin qurulmasının vacibliyini vurğulayıb.

Lakin həmin gün Merts bildirib ki, danışıqlarda irəliləyiş əldə olunmasa, Rusiyaya təzyiqlər artırılmalı, o cümlədən Ukraynaya dəstək davam etdirilməlidir.

Rusiya XİN qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron 2025-ci il dekabrın 19-da tamhüquqlu danışıqların bərpası üçün format yaradılmasının vacibliyindən danışsa da, eyni zamanda Ukraynaya silah tədarükü və yeni yardım paketləri daxil olmaqla hərbi yardımın davam etdirilməsini də təsdiqləyib.

Finlandiya Prezidenti Aleksandr Stubb isə 2026-cı il mayın 11-də Avropa ölkələrinin iştirakı ilə Rusiya ilə danışıqlara başlanmasının məqsədəuyğun olduğunu bəyan edib.

Bununla yanaşı, o, 2025-ci ilin fevralında gələcək danışıqlar prosesinin şərti kimi Rusiyaya qarşı sanksiya təzyiqinin və Ukraynaya hərbi yardımın gücləndirilməsinin vacibliyini vurğulamışdı.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas 2026-cı il mayın 28-də atəşkəsin istənilən danışıqlar üçün məcburi şərt olduğunu bildirib. O, 2025-ci ilin noyabrında isə Avropa İttifaqının strategiyasının iki istiqamətdən - Rusiyanın zəiflədilməsi və Ukraynaya dəstəkdən ibarət olduğunu qeyd etmişdi.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2025-ci il noyabrın 23-də bəyan edib ki, davamlı sülh hərbi əməliyyatların dayandırılmasını və gələcək eskalasiyanın qarşısının alınmasını əhatə etməlidir.

Bununla yanaşı, o, 2025-ci ilin sentyabrında Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edərək iqtisadi təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, bu cür açıqlamalar Qərb ölkələrinin siyasətində iki paralel xəttin, danışıqlara çağırış və eyni zamanda sanksiya və hərbi təzyiqlərin gücləndirilməsi siyasətinin birləşməsini əks etdirir.

Avropa paytaxtlarında isə belə mövqe adətən Ukraynaya dəstəyin davam etdirilməsi və dayanıqlı sülh nizamlanması üçün zəruri şəraitin formalaşdırılması ehtiyacı ilə izah olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Ukrayna  


Bizi "telegram"da izləyin