Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mayın 29-da Avrasiya İqtisadi Forumunun yekunlarına həsr olunmuş mətbuat konfransında Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistanın gələcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Rusiya ilə Ermənistan, Rusiya ilə erməni xalqı arasında xüsusi münasibətlər mövcuddur. Mən bunu Nikol Vovayeviçə də demişəm, o bunu təsdiqləyər. Ona dedim ki, ermənilər üçün yaxşı olan hər şey Rusiya üçün də məqbuldur və yaxşıdır. Erməni xalqının maraqlarından çıxış edərək necə məqsədəuyğun hesab edirsinizsə, elə də edin”, - deyə Vladimir Putin bildirib.
Rusiya Prezidenti vurğulayıb ki, qəbul olunacaq istənilən qərar humanitar və siyasi əlaqələrə zərər vurmayacaq.
“Lakin bu halda söhbət sırf iqtisadi məsələlərdən gedir. Hər şeyi hesablamaq, diqqətlə nəzərdən keçirmək və qərar qəbul etmək lazımdır.
Mən bunu artıq qeyd etmişəm. Ukrayna böhranı vaxtilə Ukraynanın Avropa İttifaqına inteqrasiya cəhdləri ilə başlamışdı. Biz buna qarşı deyildik. Lakin deyirdik ki, məsələn, fitosanitar normalar tamamilə fərqlidir. Bu isə bazara çıxış məsələsidir.
Rusiyada hələ Sovet İttifaqı dövründən qalan, buna görə də bu gün Avrasiya İqtisadi Birliyinin bütün ölkələrində tətbiq olunan fitosanitar normalar Avropadakından xeyli sərtdir.
Məsələn, bizdə genetik modifikasiya olunmuş məhsullarla bağlı məhdudiyyətlər mövcuddur. İnsanlar genetik modifikasiya olunmuş məhsullar istehlak etmək istəmirlər. Biz də bunu nəzərə almağa məcburuq.
Hələ də bu məhsulların insan sağlamlığına uzunmüddətli təsiri ilə bağlı kifayət qədər dərin tədqiqatlar yoxdur. Texniki standartlar da tamamilə fərqlidir. Bəzi mexanizmləri bizim bazarda satmaq mümkün olacaq, bəzilərini isə yox. Hətta polad növlərinə görə də fərqlər var.
Yəni bu gün üçün bir-biri ilə uyğunlaşdırılması mümkün olmayan çoxlu məsələlər mövcuddur. Bunlar paralel şəkildə fəaliyyət göstərə bilməz. Bu o demək deyil ki, biz əleyhinəyik. Əksinə, biz tərəfdarıyıq. Lakin bunun üçün vaxt və kapital qoyuluşları tələb olunur”, - deyə Putin bildirib.
O, həmçinin qeyd edib: “Məsələn, Avropadakı müəyyən standartları təmin etmək üçün, ola bilsin ki, onlar bizim standartlardan daha inkişaf etmişdir, biz həmin məhsulları istehsal edə bilmək üçün vəsait yatırmalıyıq. Eyni vəziyyət əks istiqamətdə də keçərlidir.
Ona görə də bu gün mövcud olan iki sistemi sabah birdən-birə birləşdirmək praktiki olaraq mümkün deyil. Nəticədə Ermənistanla iqtisadi inteqrasiya sahəsindəki əməkdaşlığımızın böyük hissəsini dayandırmağa məcbur qala bilərik. Siz üstünlüklərin nədən ibarət olduğunu soruşdunuz. Biz bu üstünlükləri məhz belə görürük”.
Alpər Mövludoğlu
Ordu.az