Paşinyanın müavini: “Ermənistan AİB çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir”

2026/05/1778308843.jpg
Oxunub: 415     15:10     29 May 2026    
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Avrasiya Ali İqtisadi Şurasının iclasında çıxış edərək İrəvanın Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına sadiq qaldığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, iclas Qazaxıstanda ölkə prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilib.

Qriqoryan çıxışının əvvəlində tədbirlərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qazaxıstan tərəfinə təşəkkür edib. O, 2026-cı il Avrasiya Ali İqtisadi Şurasının ilk iclasının Avrasiya İqtisadi Birliyi günündə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını vurğulayıb.

“Ermənistan bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və Avrasiya İqtisadi Birliyinə üzv bütün dövlətlərin milli maraqlarının nəzərə alınması əsasında birliyin fəaliyyətində vicdanla iştirak etmək niyyətindədir”, - deyə Ermənistanın baş nazirinin müavini bildirib.

Qriqoryanın sözlərinə görə, İrəvan Avrasiya inteqrasiyasını həm ayrı-ayrı ölkələr, həm də bütövlükdə region üçün iqtisadi sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində mühüm alət hesab edir.

Ermənistan rəsmisi çıxışında texnoloji inkişaf və süni zəka məsələlərinə də xüsusi diqqət ayırıb. O qeyd edib ki, süni zəkanın tətbiqi iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılması və dövlətlərin texnoloji suverenliyinin möhkəmləndirilməsi baxımından əsas amillərdən birinə çevrilir.

Qriqoryan Avrasiya İqtisadi Birliyi ölkələrinin süni zəkanın məsuliyyətli inkişafı ilə bağlı birgə bəyanatını alqışlayaraq bunu bu sahədə uzlaşdırılmış yanaşmaların və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım adlandırıb.

Ermənistanın baş nazirinin müavini iqtisadi inteqrasiyanın və xidmətlər ticarətinin liberallaşdırılmasının vacibliyinə də toxunub. O bildirib ki, milli tənzimləmə mexanizmlərinin daha da uyğunlaşdırılması biznes üçün qaydaların şəffaflığını və proqnozlaşdırılmasını artıracaq, həmçinin Avrasiya İqtisadi Birliyi ölkələri arasında iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq.

Qriqoryan prioritet istiqamətlər sırasında üçüncü ölkələrlə ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsini də qeyd edib. O, qüvvədə olan azad ticarət sazişlərinin tam icrasının və yeni sazişlərlə bağlı danışıqların irəlilədilməsinin vacibliyini vurğulayıb.

“İnkişafın əsas amillərindən biri nəqliyyat əlaqələrinin şaxələndirilməsidir ki, bu da əmtəə dövriyyəsinin artmasına ciddi təkan verəcək”, - deyə o bildirib.

Bundan əlavə, Ermənistan tərəfi aqrar-sənaye sahəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Qriqoryan aqrar-sənaye kompleksində kooperasiya layihələrinin maliyyə dəstəyi mexanizmlərinin genişləndirilməsinə dair protokolun imzalanmasını alqışlayaraq bunun birlik çərçivəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Çıxışının sonunda Ermənistanın baş nazirinin müavini Avrasiya inteqrasiyasının üzv dövlətlərin və onların vətəndaşlarının maraqları naminə inkişaf etməyə davam edəcəyinə əminliyini ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin