Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi anonim alman rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, səhmlərin alınması KNDS-nin birja çıxışı çərçivəsində həyata keçiriləcək. Bu pay Fransanın hazırda şirkətdə sahib olduğu payla eyni olacaq və iki ölkəyə şirkət üzərində bərabər nəzarət imkanı verəcək.
Alman rəsmisi bildirib ki, səhmlərin alışı bazar qiyməti ilə həyata keçiriləcək və əlavə güzəşt və ya bonus nəzərdə tutulmur. Hazırda KNDS Fransa hökuməti və keçmiş “Krauss-Maffei Wegmann” şirkətinin alman ailə sahiblərinin birgə mülkiyyətindədir.
Şirkət Almaniyanın KMW və Fransanın “Nexter” şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Bildirilir ki, hər iki hökumət yaxın iki-üç il ərzində sahib olduqları payı 30 faizə endirməyi planlaşdırır. Bununla yanaşı, tərəflərin pay həcmindən asılı olmayaraq bərabər səs hüququnu qoruyacağı qeyd olunub.
Mənbələrin məlumatına görə, KMW-nin qurucu ailələri səhmlərini Frankfurt birjasında gözlənilən yerləşdirmə vasitəsilə satmağı planlaşdırır. KNDS-nin dəyərinin təxminən 20 milyard avroya çata biləcəyi bildirilir. Şirkət “Leopard 2” və “Leclerc XLR” əsas döyüş tankları, “Boxer” zirehli transportyorları, artilleriya sistemləri və sursat istehsal edir.
Rusya-Ukrayna müharibəsindən sonra Avropada başlayan yenidən silahlanma prosesində KNDS əsas təchizatçılardan biri hesab olunur. Almaniyanın müdafiə xərclərini artırması fonunda Berlin şirkət üzərində Fransa ilə bərabər təsir imkanlarını qorumağa çalışır.
Bu addımın yeni nəsil MGCS əsas döyüş tankı layihəsində Almaniyanın mövqeyini gücləndirəcəyi vurğulanır.
Sevinc Əliyeva
Ordu.az