Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Gözəl Sənətlər Komissiyası layihənin yenilənmiş variantını ictimaiyyətin, tarixçilərin və memarların genişmiqyaslı tənqidlərinə baxmayaraq təsdiqləyib.
Yenilənmiş layihəyə əsasən, tağın hündürlüyü təxminən 76 metr olacaq. Bildirilir ki, əvvəlki layihədə nəzərdə tutulan 2,4 metrlik bünövrədən imtina edildiyi üçün ümumi hündürlük azaldılıb.
Əvvəlki versiyada layihənin hündürlüyü 85 metrdən çox nəzərdə tutulsa da, yeni variantda bu göstərici 82 metrdən bir qədər artıq olacaq. Layihədən tağın əsas hissəsində yerləşdirilməsi planlaşdırılan dörd qızıl suyuna çəkilmiş şir heykəli də çıxarılıb.
Komissiya üzvləri hesab ediblər ki, şirlər ABŞ üçün xarakterik simvol deyil. Məlumata görə, üzlük materialı kimi mərmər əvəzinə daha möhkəm və uzunömürlü hesab olunan qranitdən istifadə ediləcək. Eyni zamanda, konstruksiyanın dərinliyi artırılıb və tağın üzərində yerləşdiriləcək qanadlı Azadlıq heykəlinin saxlanılmasına qərar verilib.
Bu qərar komissiyanın bəzi üzvlərinin etirazlarına baxmayaraq qəbul olunub. Bildirilib ki, abidə Parisdəki Zəfər Tağı nümunəsində hazırlanır və Arlinqton Milli Qəbiristanlığının girişi ilə Linkoln Memorialı arasında yerləşdirilməlidir.
Layihənin ABŞ-nin 250 illik yubileyi çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Lakin layihə artıq ciddi narazılıqlara səbəb olub. Komissiyanın məlumatına görə, ictimai müzakirələr zamanı daxil olan 600-dən çox rəydən 99,5 faizi mənfi olub.
Tənqidçilər hesab edirlər ki, abidə ərazinin tarixi görünüşünü pozacaq, Arlinqton qəbiristanlığına açılan mənzərəni bağlayacaq və layihə qeyri-adi sürətlə təsdiqlənib.
Əlavə narahatlıqlar aviasiya təhlükəsizliyi ilə bağlıdır. Tağın Ronald Reyqan adına Milli Hava Limanından 3,2 kilometrdən az məsafədə yerləşdirilməsi planlaşdırılır. Bu səbəbdən ABŞ Federal Aviasiya Administrasiyası layihənin hava hərəkətinə mümkün təsirini qiymətləndirmək üçün xüsusi araşdırma aparılmasını istəyib.
Layihə hələ ABŞ Kapitolisinin Milli Planlaşdırma Komissiyası tərəfindən də təsdiqlənməlidir. Eyni zamanda, tikintiyə qarşı Vyetnam müharibəsi veteranları təşkilatı məhkəmə iddiası qaldırıb. İddiaçılar bildirirlər ki, administrasiya Konqresin məcburi təsdiqindən yayınmağa çalışır və bunun üçün təxminən yüz il əvvəl verilmiş az tanınan icazədən istifadə edir.
Sevinc Əliyeva
Ordu.az