Yelisey Sarayında korrupsiya işi üzrə axtarış aparılıb

2026/05/1779464254.jpg
Oxunub: 379     19:36     22 May 2026    
Fransada Yelisey Sarayında son illərin ilk axtarışı korrupsiya araşdırması çərçivəsində həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Fransanın Milli Maliyyə Prokurorluğu bildirib ki, mayın 21-də müstəntiqlər prezident administrasiyasının binasında axtarış aparıblar. Araşdırma Fransa Milli Abidələr Mərkəzinin təşkil etdiyi panteonlaşdırma mərasimləri üzrə dövlət müqavilələrinin verilməsi ilə bağlıdır.

Məlumata görə, istintaq 2025-ci ilin oktyabrında himayədarlıq, qanunsuz maraq toqquşması, korrupsiya və nüfuzdan sui-istifadə şübhələri əsasında başlanıb. İşin mərkəzində “Shortcut Events” tədbir təşkilatçısı şirkəti dayanır. İddialara görə, şirkət 22 il ərzində demək olar ki, fasiləsiz şəkildə panteonlaşdırma mərasimlərinin təşkili üzrə müqavilələr əldə edib.

“Le Canard Enchaîné” nəşrinin məlumatına görə, hər belə mərasim Fransa dövlətinə təxminən 2 milyon avroya başa gəlib. Müstəntiqlər şirkətin müqavilələri dövlət sistemindəki əlaqələri sayəsində güzəştli şərtlərlə əldə edib-etmədiyini araşdırırlar. Bu, istintaqın Yelisey Sarayına daxil olmaq üçün ikinci cəhdi olub.

İlk cəhd aprelin 14-də baş tutsa da, həmin vaxt maliyyə müstəntiqləri və prokurorların binaya daxil olmasına icazə verilməmişdi. Prezident administrasiyası buna səbəb kimi Fransa Konstitusiyasının 67-ci maddəsini göstərmişdi. Həmin maddəyə əsasən, Fransa prezidenti səlahiyyət müddəti ərzində xüsusi toxunulmazlıq hüququna malikdir.

Bu norma prezidentə qarşı dindirmə, məhkəmə və digər istintaq tədbirlərinin aparılmasını qadağan edir. Prokurorluq bildirib ki, hazırkı axtarışlar istintaq orqanları ilə prezident administrasiyası arasında aparılan institusional danışıqlardan sonra mümkün olub.

Yelisey Sarayında son səs-küylü axtarış 2018-ci ildə Emmanuel Makronun keçmiş təhlükəsizlik əməkdaşı Aleksandr Benalla ilə bağlı iş çərçivəsində həyata keçirilmişdi. Benalla etirazçıları döyməkdə ittiham olunurdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yelisey-Sarayı   Fransa  


Bizi "telegram"da izləyin