Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanal sənədin əsas şərtlərini əldə etdiyini bildirib. Məlumata görə, layihədə quru, hava və dəniz istiqamətləri daxil olmaqla bütün cəbhələrdə dərhal, tam və qeyd-şərtsiz atəşkəs nəzərdə tutulur.
Sənəddə tərəflərin hərbi, mülki və iqtisadi infrastruktura zərbə endirməmək barədə qarşılıqlı öhdəlik götürdüyü qeyd olunub. Bundan başqa, hərbi əməliyyatların və informasiya müharibəsinin dayandırılması da layihədə yer alıb.
Layihədə suverenliyə və ərazi bütövlüyünə hörmət, eləcə də daxili işlərə qarışmamaq öhdəliyi də əksini tapıb. Məlumata əsasən, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində naviqasiya azadlığının təmin olunması nəzərdə tutulur. Sənəddə icraya nəzarət və mübahisələrin həlli üçün birgə mexanizmin yaradılması da qeyd edilib.
Bildirilir ki, həll olunmamış məsələlərlə bağlı danışıqlar yeddi gün ərzində başlayacaq. Layihəyə əsasən, İranın razılaşma şərtlərinə əməl etməsi müqabilində ABŞ sanksiyaları mərhələli şəkildə ləğv olunacaq. Sənəddə həmçinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğunluğun təsdiqləndiyi vurğulanıb.
Razılaşma tərəflərin bunu rəsmi şəkildə elan etməsindən dərhal sonra qüvvəyə minəcək. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, danışıqlarda müəyyən müsbət siqnallar müşahidə olunub. Lakin onun sözlərinə görə, Tehran Hörmüz boğazında keçid haqları sistemi tətbiq edərsə, heç bir həll mümkün olmayacaq.
Sevinc Əliyeva
Ordu.az