Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Seçkilər 2026: Ermənistanı demoqrafik fəlakətdən kim və necə xilas etməyə hazırlaşır?” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, bir tərəfdən Qarabağdan (könüllü-red.) köç etmiş ermənilərin inteqrasiyası və onların ölkədə saxlanılması kimi həyati problem mövcuddur, digər tərəfdən isə sərhədyanı yaşayış məntəqələrinin boşalması davam edir.
“Ermənistanda sığınacaq tapmış xarici işçi qüvvəsi və regional münaqişələr səbəbindən ölkəyə gələn şəxslərin üçüncü ölkələrə köçməsi də ciddi çağırışa çevrilib.
Belə böhranlı və dönüş nöqtəsində demoqrafik təhlükəsizlik və miqrasiyanın idarə olunması siyasi qüvvələrin əsas dayaqlarına çevrilməli idi. Lakin seçkilərdə iştirak edən 17 partiya və 2 blokun proqramlarında bu məsələlərlə bağlı konkret və strateji yanaşmaların olub-olmadığı sual doğurur”, - deyə nəşr vurğulayıb.
Məqalədə bildirilib ki, “Reformistlər” partiyası Ermənistanın ciddi demoqrafik problemlərlə üzləşdiyini qeyd edib və miqrasiyanın təşkili daxil olmaqla dövlət proqramının hazırlanmasını təklif edib.
“Güclü Ermənistan” partiyalar bloku isə Ermənistanın inkişafının əsasını erməni xalqının və erməni mədəniyyətinin qorunmasında gördüyünü bildirib. “Dövlət çoxuşaqlı ailələr üçün üçüncü valideynə çevriləcək”, - deyə blokun proqramında qeyd olunub.
Blok 2024-cü ildə uşaqlı ailələr arasında yoxsulluq səviyyəsinin 31 faiz olduğunu xatırladaraq, sosial siyasət vasitəsilə demoqrafik artıma nail olmağı planlaşdırır. “Yeni Güc” reformist partiyası isə diasporla münasibətlərin əsas istiqamətinin bütün ermənilərin Ermənistanda birləşdirilməsi olduğunu bildirib. Partiya üçüncü və sonrakı hər uşaq üçün birdəfəlik 5 milyon dram müavinət, ipoteka güzəştləri və işləyən valideynlər üçün vergi güzəştləri təklif edib”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, “Yeni Güc” həmçinin süni mayalanma və surroqat analıq daxil olmaqla reproduktiv sağlamlığın dəstəklənməsini vacib sayıb.
“Birliyin Qanadları” partiyası 2030-cu ilə qədər geri dönüş üçün vahid platforma yaradılmasını təklif edib. Partiyanın proqramında diaspor nümayəndələri və geri qayıdan ailələr üçün dil hazırlığı, mənzil və iş axtarışı, sosial inteqrasiya mexanizmlərinin yaradılması nəzərdə tutulub. “Ermənistanın gələcəyi güclü və çoxuşaqlı ailələr, iş imkanları və ədalətli sosial sistem üzərində qurulub” deyə proqramda qeyd olunub”, - deyə nəşr bildirib.
Məqalədə qeyd edilib ki, partiya dördüncü uşaqdan başlayaraq çoxuşaqlı ailələrə bölgələrdə pulsuz mənzil verilməsini təklif edib.
Müəllif yazıb ki, “Çiçəklənən Ermənistan” partiyası dünya ermənilərinin müasir şəbəkə sistemi əsasında əməkdaşlığını yaratmaq niyyətindədir.
“Partiya diaspor erməni gənc mütəxəssislərinin Ermənistandakı elmi, texnoloji və sosial layihələrə cəlb olunmasını təklif edib. “Milli-Demokratik Qütb” ümumerməni partiyası isə Zəngəzur və Dərələyəz vilayətlərinin strateji prioritet zona elan olunmasını və həmin bölgələrdə məskunlaşmanın stimullaşdırılmasını təklif edib.
“Erməni Milli Konqresi” partiyası geri qayıdan mütəxəssislər və onların ailələri üçün “yumşaq eniş” proqramlarının qəbul ediləcəyini bildirib. Proqramda 3 yaşınadək uşağı olan qadınlar üçün vergi güzəştlərinin tətbiqi də nəzərdə tutulub. “Respublika” partiyası isə 2040-cı ilə qədər Ermənistanı artan əhaliyə malik təhlükəsiz, inkişaf etmiş və texnoloji dövlətə çevirməyi hədəflədiyini açıqlayıb.
Partiya doğum səviyyəsinin artırılması, gənc ailələrin təşviqi və yüksək maaşlı iş yerləri vasitəsilə miqrasiyanın qarşısının alınmasını vacib sayıb. “Demokratik Birlik” partiyası “beyin axınının” dayandırılmasını və dünyanın müxtəlif sahələrində çalışan erməni mütəxəssislərinin Ermənistanda fəaliyyət göstərməsinin təşviq edilməsini prioritet hesab edib. Partiya hakimiyyət dəyişikliyindən dərhal sonra miqrasiyanın stimullaşdırılması üçün qanunvericilik və maliyyə mexanizmlərinin tətbiqini vacib sayıb”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, “Demokratiya Qanun Nizam” partiyası proqramında ayrıca demoqrafiya və geri dönüş məsələlərinə toxunmasa da, sərhədyanı kəndlərin xüsusi dövlət müdafiəsinə götürülməsini təklif edib.
“Sərhədyanı sakinlər vergi güzəştləri, güzəştli kreditlər, yeni təhlükəsizlik sistemləri və gənc ailələr üçün mənzil proqramları əldə edəcəklər”, - deyə proqramda qeyd olunub.
“Hakim “Vətəndaş Müqaviləsi” partiyası Qarabağdan köç etmiş 10 min ailənin mənzillə təmin olunmasını və çoxuşaqlı ailələr üçün dövlət dəstək proqramının qəbulunu təklif edib.
Partiya, həmçinin Ermənistanın məskunlaşma və ərazi təşkili üzrə baş planının hazırlanmasını vacib hesab edib. “Hayastan” bloku isə “Geri dönüşün yaşıl yolu” layihəsini təqdim edib. Blok “Repatriasiya haqqında” qanunun qəbulunu, “vahid pəncərə” mərkəzinin yaradılmasını və sosial problemlərin həlli üçün “Hayastan” ümumerməni fonduna etimadın bərpasını təklif edib.
“Hayastan” bloku həmçinin “Artan ailə” modelini irəli sürüb. Bu modelə əsasən, ikinci uşaqdan başlayaraq gəlir vergisinin mərhələli şəkildə azaldılması nəzərdə tutulur. “Hər növbəti uşağın doğulması ilə valideynlərin gəlir vergisi dərəcəsi daha 3 faiz azalacaq”, - deyə proqramda bildirilib. Təhlildə yalnız Ermənistan Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş və açıq mənbələrdə əlçatan olan proqram müddəaları nəzərdən keçirilib”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az