Paşinyanla mübahisə edən erməni fəal aclıq aksiyasına başladı

2026/05/image-1779370761.jpg
Oxunub: 561     14:56     21 May 2026    
“Nikol Paşinyanın seçki kampaniyası zamanı onunla mübahisəyə girən Artur Osipyan həbs olunduğu andan etibarən, yəni 2026-cı il mayın 18-dən aclıq aksiyası keçirir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil David Hovhannisyan “Facebook” səhifəsində yayımladığı videomüraciətdə deyib.

“Əgər məndən soruşsalar ki, Ermənistanın hansı siyasətçiləri arasında oxşarlıq var, deyərəm ki, 2018-ci ilə qədərki fəaliyyəti ilə Nikol Paşinyan Artur Osipyana bənzəyirdi. Osipyan da mikrofonu əlində bütün Qarabağ boyu gəzirdi, insanları ayağa qalxmağa, talana qarşı mübarizəyə, ədalət uğrunda mübarizəyə çağırırdı, partiya lideri kimi seçkilərdə iştirak edirdi.

Yəni siyasi və digər üsullarla küçə mübarizəsi aparırdı ki, öz prinsiplərini qorusun, müəyyən nəticələrə nail olsun. Nikol Paşinyan öz fəaliyyəti dövründə həbs olunmuşdu. Hazırda isə Artur Osipyan həbs edilib”, - deyə erməni vəkil bildirib.

Hovhannisyan vurğulayıb ki, faktiki olaraq məhkəmə təcrübəsində 2009-cu ildən bu günə qədər Ermənistanda heç nə dəyişməyib.

Xatırladaq ki, mayın 18-də İrəvanda “Vətəndaş Müqaviləsi”nin seçki kampaniyası zamanı erməni fəal Artur Osipyan Nikol Paşinyana yaxınlaşaraq ona Qarabağla bağlı suallar ünvanlamışdı. Paşinyan isə özündən çıxaraq Osipyanın ünvanına təhqiramiz ifadələr işlətmişdi.

“Qoy “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) psevdoelitaları rədd olsun, getsin. Bunlar kimdir axı, hamınız rədd olun ümumiyyətlə. Artur Osipyan, başını divara vurubsan. Baxa bilərdin, gedib bizim uşaqların yerinə həlak olardın. Talançı heyvanlar”, - Paşinyan demişdi.

Osipyan həmin gün xuliqanlıq törətmək şübhəsi ilə saxlanılmışdı. Bu gün isə o, iki ay müddətinə həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan  


Bizi "telegram"da izləyin