Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
“Azərbaycan KİV-lərinin yaydığı məlumata görə, Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində azərbaycanlı diplomat bildirib ki, sərhədlər Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən və bundan sonra baş tutacaq konstitusiya dəyişikliklərindən sonra açılacaq.
Rəşad Məmmədov Türkiyənin Ermənistanla sərhədləri açmaq istədiyi, lakin Azərbaycanın buna qarşı çıxdığı barədə iddialara da münasibət bildirib.
Səfir qeyd edib ki, Ankara ilə Bakı arasında daimi məsləhətləşmələr aparılır və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel şəkildə davam edir. O əlavə edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra dəyişikliklər vasitəsilə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması gözlənilir.
Məmmədov bildirib ki, bundan sonra ABŞ-də ilkin şəkildə razılaşdırılmış Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanacaq. Diplomat vurğulayıb ki, bu prosesin sonunda Türkiyə-Ermənistan sərhədləri ilə yanaşı, Ermənistan-Azərbaycan sərhədləri də açılacaq”, - deyə nəşr qeyd edib.
Məqaləyə görə, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə-Ermənistan dialoqunun artıq o qədər yetişdiyini bildirib ki, istənilən an tam normallaşma da mümkün ola bilər.
Nəşrin fikrincə, Ermənistan hakimiyyəti sülh mövzusunu seçki kampaniyasının əsas istiqamətinə çevirsə də, Azərbaycanın Ankaradakı səfirinin bəyanatı bir daha göstərir ki, Türkiyə və Azərbaycan Ermənistana qarşı tələbləri davam etdirirlər.
“Əvəzində Türkiyə-Azərbaycan ittifaqı öz gündəmini irəli aparmaq üçün qarşılıqlı bağlılıq taktikasından istifadə edir, Ermənistan-Türkiyə sərhədinin açılmasını və münasibətlərin normallaşmasını birbaşa Ermənistan-Azərbaycan proseslərindən asılı vəziyyətə salır.
Sülh müqaviləsinin imzalanması və sərhədlərin açılması regional əməkdaşlıq və etimad mühitinin başlanğıcı kimi deyil, Ermənistanın itaətkarlığının yekun nəticəsi kimi təqdim olunur”, - deyə nəşr bildirib.
Nəşr bu mürəkkəb geosiyasi şəraitdə Ermənistan hakimiyyətinin reaksiyalarında aşkar uyğunsuzluq və ikili standartların müşahidə olunduğunu vurğulayıb.
Bildirilir ki, rəsmi İrəvan Rusiya Federasiyasından gələn bəyanatlara çox sərt və açıq reaksiya verir.
“Məsələn, Ermənistan xarici işlər naziri bu gün qəti şəkildə bəyan edib ki, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqına üzvlüyün bir araya sığmadığını Rusiyanın deməsi düzgün deyil və bununla da nümayişkaranə “suveren mövqe” sərgiləyib. Bəzən yalnız xarici işlər naziri səviyyəsində yumşaq cavab verilir və Ermənistan Konstitusiyasının dəyişdirilməsinin ölkənin daxili işi olduğu bildirilir.
Ermənistan hakimiyyəti təkcə Bakı və Ankaranın Konstitusiya dəyişikliyi və digər suveren məsələlərlə bağlı tələblərinə adekvat siyasi müqavimət göstərmir, əksinə addım-addım onları yerinə yetirir, eyni zamanda sülh gündəliyini alqışlamaqda davam edir”, - deyə məqalədə vurğulanıb.
Müəllif hesab edir ki, bu yanaşma Ermənistanın xarici siyasətində ciddi balanssızlığı nümayiş etdirir: “Belə ki, güzəştlər tələb edən rəqib ittifaqına qarşı yumşaq taktika seçilir, müttəfiqlərlə münasibətlərdə isə dözümsüzlük xətti yürüdülür”.
Alpər Mövludoğlu
Ordu.az