Ukrayna Zelenskinin həyat yoldaşının saxlanılması ilə bağlı iddiaları təkzib edib

2026/05/1779118510.jpg
Oxunub: 371     19:22     18 May 2026    
Ukrayna rəsmiləri Yelena Zelenskaya ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya barəsində araşdırma aparılması ilə bağlı xəbərlər reallığa uyğun deyil.

Açıqlamada qeyd olunub ki, Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən heç bir prosessual hərəkət həyata keçirilmir.

Qurumun bəyanatında vurğulanıb ki, bu cür informasiya sızmaları təcavüzkar dövlət tərəfindən həyata keçirilən sistemli dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Məlumata görə, bu addımlar Ukrayna institutlarını nüfuzdan salmaq, antikorrupsiya qurumlarına etimadı sarsıtmaq, ictimai-siyasi vəziyyəti sabitsizləşdirmək və genişmiqyaslı müharibə şəraitində Ukraynanın birliyini zəiflətmək məqsədi daşıyır.

Daha əvvəl Rusiya güc strukturlarındakı mənbəyə istinadən Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun guya Yelena Zelenskayanın saxlanılmasına hazırlaşdığı barədə məlumat yayılmışdı.

Jurnalistlərə bildirilib ki, ukraynalı siyasi texnoloqlar guya Zelenskiyə həyat yoldaşından rəsmi və açıq şəkildə ayrılmağı tövsiyə edib, mediada isə Yelena Zelenskayanın son yeddi ildə həyat yoldaşını görmədiyi barədə tezisin yayılması planlaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Yelena-Zelenskaya  


Bizi "telegram"da izləyin