Pakistan FATAH-IV qanadlı raketini sınaqdan keçirib

2026/05/Ekran-1779106284.jpg
Oxunub: 545     16:18     18 May 2026    
Pakistan yerli istehsal olan FATAH-IV quru əsaslı qanadlı raketinin sınaq atışını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Məlumata görə, sınaq Pakistan Ordusunun Raket Qüvvələri Komandanlığı tərəfindən icra olunub.

Qabaqcıl avionik və müasir naviqasiya sistemləri ilə təchiz olunan raketin uzaqmənzilli hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malik olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, təlim atışı bölmələrin əməliyyat effektivliyini artırmaq və raket sisteminə inteqrasiya olunan müxtəlif alt sistemlərin texniki parametrlərini doğrulamaq məqsədilə keçirilib.

Pakistanın xarici işlər naziri İshaq Dar bu hadisəni ölkənin yerli müdafiə imkanları və strateji çəkindirmə potensialının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirib.

Məlumata görə, 750 kilometr mənzilə malik olan FATAH-IV yalnız sərhədə yaxın əraziləri deyil, həmçinin aviabazalar, komanda-idarəetmə mərkəzləri, logistika obyektləri və radar mövqeləri kimi strateji hədəfləri də vurmaq imkanına malikdir.

Raketin 50 metrədək alçaq hündürlükdə uçaraq relyef izləmə profilindən istifadə etdiyi bildirilib. Bu xüsusiyyətin düşmənin hava hücumundan müdafiə sistemlərinin erkən aşkarlama imkanlarını azaltmağa yönəldiyi qeyd olunub.

Təxminən 7,5 metr uzunluğa, 1530 kiloqram ümumi çəkiyə və 330 kiloqram döyüş başlığına malik olan raketin 5-10 metr dairəvi yayınma ehtimalı göstəricisinə sahib olması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   FATAH-IV  


Bizi "telegram"da izləyin