Ordu.az xəbər verir ki, SAHA EXPO sərgisi çərçivəsində imzalanan əməkdaşlıq müqavilələri ilə mühərrikin yanacaq, yağlama, aktivasiya, pnevmatik və mexaniki alt sistemləri üzrə məhsul hazırlama proseslərinə rəsmi start verilib.
Məlumata görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən TF35000 Milli Turbofan Mühərrik Layihəsində alt sistem səviyyəsində dizayn işlərinin qabaqcıl mərhələyə çatmasından sonra kritik avadanlıqların məhsul hazırlanması mərhələsinə keçilib.
Bu çərçivədə aidiyyəti alt sistemlər üzrə dizayn, prototip istehsalı, sınaq və doğrulama fəaliyyətləri həyata keçiriləcək. TRMOTOR həm mühərrik alt sistemləri, həm də sınaq infrastrukturu sahəsində müxtəlif əməkdaşlıq müqavilələri imzalayıb.
Şirkət bu əməkdaşlıqların Türkiyənin yerli mühərrik texnologiyaları ekosistemini gücləndirməsinə və milli mühəndislik imkanlarını daha yüksək səviyyəyə çatdırmasına töhfə verəcəyini bildirib.
TRMOTOR rəhbəri Osman Saim Dinç qeyd edib ki, TF35000 mühərrikinin hazırlanması çərçivəsində aparılan alt sistem işləri ilə yerli güc sistemləri ekosistemində irəliləyiş davam etdirilir.
Onun sözlərinə görə, qarşıdakı dövrdə yeni müqavilələrin imzalanması da planlaşdırılır.
Şirkət vurğulayıb ki, həyata keçirilən işlər yalnız TF35000 mühərrikinin inkişafına deyil, həm də Türkiyədə milli və orijinal mühərrik texnologiyaları sahəsində mühəndislik potensialının gücləndirilməsinə xidmət edəcək.
Sevinc Əliyeva
Ordu.az