CNN: İran Hörmüz boğazından keçən internet kabellərinə görə texnologiya şirkətlərindən ödəniş almağa hazırlaşır

2026/04/1776365332.jpg
Oxunub: 379     14:36     18 May 2026    
Hörmüz boğazının bağlanmasından sonra İran həmin su yolunun altından keçən internet kabellərini nəzarətə götürməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, həmin kabellər vasitəsilə Avropa, Asiya və Fars körfəzi ölkələri arasında böyük həcmdə internet trafiki, o cümlədən maliyyə əməliyyatlarına dair məlumatlar ötürülür.

Məlumata görə, bu barədə xəbərlər İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli mediada yayılmağa başlayıb.

Yayılan məlumatlarda qeyd olunur ki, Tehran “Google”, “Microsoft”, “Meta” və “Amazon” kimi şirkətlərdən internet kabellərinin istifadəsinə görə vergi toplamaq niyyətindədir.

Həmçinin yeni rabitə xətlərinin çəkilməsi üçün lisenziya rüsumu müəyyən ediləcək və onların xidmətini yalnız İran şirkətləri həyata keçirə biləcək.

“Biz internet kabellərinə görə ödəniş alacağıq”, - deyə İran ordusunun nümayəndəsi İbrahim Zülfəqari məlumatları təsdiqləyib.

CNN qeyd edir ki, ABŞ-nin texnologiya şirkətləri Hörmüz boğazı və Fars körfəzində kabel xətlərinin çəkilməsinə investisiya yatırıb, lakin ABŞ-nin sanksiyalarına görə onların İrana hər hansı ödəniş etməsi qadağandır.

BƏƏ-nin “Habtoor Research Center” araşdırma mərkəzinin baş elmi işçisi Mostafa Əhmədinin sözlərinə görə, Hörmüz boğazından bir neçə iri qitələrarası sualtı kabel keçir, lakin onların əksəriyyəti Oman tərəfdəki dar su zolağında yerləşir.

“TeleGeography” şirkətinin mütəxəssisi Alan Moldlin bildirib ki, həmin kabellərdən ikisi “Falcon” və “Gulf Bridge International” İranın ərazi sularından keçir.

Əhmədi hesab edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun kabellərə qarşı mümkün hücumu bir neçə qitədə zəncirvari “rəqəmsal fəlakət” yarada bilər.

Onun sözlərinə görə, bu boğaz Asiyanın məlumat emalı mərkəzləri ilə Avropanın bəzi telekommunikasiya qovşaqları arasında əsas rəqəmsal dəhliz hesab olunur.

Mütəxəssis vurğulayıb ki, istənilən nasazlıq Avropa və Asiya arasında ticarəti və sərhədlərarası əməliyyatları ləngidə bilər.

Bununla yanaşı, “TeleGeography” şirkətinin məlumatına əsasən, 2025-ci il etibarilə Hörmüz boğazından keçən kabellər qlobal ümumi ötürmə qabiliyyətinin 1 faizindən az hissəsini təşkil edir.

Eyni zamanda, “Axios” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp mayın 19-u milli təhlükəsizlik komandası ilə birlikdə Tehrana qarşı mümkün hərbi əməliyyat variantlarını müzakirə edəcək.

Tramp “Truth Social” sosial şəbəkəsində iranlılara xəbərdarlıq edərək bildirib ki, “saat işləyir” və daha sərfəli sülh şərtləri təqdim olunmasa, “əvvəlkindən daha güclü” zərbə endiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin