Mina təhlükəsinə qarşı yeni nəsil həllər istifadəyə hazırlanır

2026/05/1779093707.jpg
Oxunub: 464     12:42     18 May 2026    
Türkiyənin müdafiə sənayesi tərəfindən mina və əldəqayırma partlayıcı qurğuların aşkarlanması üçün hazırlanmış yeni texnologiyalı mina detektoru və mina aşkarlayan robot SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində ilk dəfə təqdim olunub.

Ordu.az xəbər verir ki, MESAN İdarə Heyətinin sədri Devrim Erol sərginin sektor baxımından mühüm platforma olduğunu bildirib.

Onun sözlərinə görə, bu il xüsusilə üç məhsul ön plana çıxarılıb və uzun müddətdir üzərində işlənilən sistemlər ilk dəfə bu miqyasda nümayiş etdirilib.

Erol bildirib ki, ilk dəfə təqdim olunan MEDAS adlı mina və əldəqayırma partlayıcı qurğu detektoru çətin torpaq şəraitində belə hədəfləri aşkar edə bilir.

MEDAS sistemində innovativ texnologiyadan istifadə olunduğunu deyən Erol bunun həm təhlükəsizlik, həm də sürət baxımından operatorlara üstünlük verdiyini qeyd edib.

Onun sözlərinə görə, sistem sahə sınaqlarından keçirilib və istifadəçi rəyləri əsasında təkmilləşdirilib.

MESAN rəhbəri həmçinin robot texnologiyaları sahəsində əməkdaşlıqlar çərçivəsində MEROB mina detektor robotunun hazırlandığını açıqlayıb.

Erol bildirib ki, uzaqdan idarə oluna bilən və avtonom imkanlara malik MEROB platforması vasitəsilə operator təhlükəli bölgəyə daxil olmadan tapşırığı yerinə yetirə bilir.

O qeyd edib ki, robotun üzərinə inteqrasiya edilən sistemlərlə mina və partlayıcıların aşkarlanması mümkündür.

Şirkət rəhbəri əlavə edib ki, sərgidə həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş MEDAR TD yol hərəkətinə nəzarət sistemi də təqdim olunub.

Erolun sözlərinə görə, sistem ərazidə hərəkət və keçidlərin daha effektiv idarə edilməsinə imkan verir və sürətli yerləşdirmə qabiliyyətinə malikdir.

MESAN rəhbəri son üç ildə 13 ölkəyə ixrac həyata keçirdiklərini və sərgi müddətində yeni əməkdaşlıqlarla bağlı mühüm görüşlər keçirdiklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MESAN   MEDAS  


Bizi "telegram"da izləyin