Ordu.az xəbər verir ki, bu barədə “Saut al-Iraq” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, beynəlxalq ictimaiyyət və kəşfiyyat xidmətləri əsas diqqəti Natanz və Fordodakı uran zənginləşdirmə mərkəzlərinə yönəltsə də, əsas təhlükə başqa istiqamətdə - plutonium ehtiyatlarında gizlənə bilər.
Nəşr yazır ki, “Bushehr” Atom Elektrik Stansiyası uzun müddət yalnız mülki enerji obyekti kimi təqdim olunsa da, istifadə edilmiş nüvə yanacağının taleyi ilə bağlı ciddi suallar yaranır.
Məqalədə bildirilir ki, yüngül sulu reaktorlarda fəaliyyət zamanı əlavə məhsul kimi plutonium əmələ gəlir və geniş yayılmış fikrin əksinə olaraq, mülki reaktorlarda yaranan plutonium da hərbi məqsədlərlə istifadə oluna bilər.
Qeyd olunur ki, ABŞ Energetika Nazirliyi hələ 1990-cı illərdə reaktor plutoniumunun bütün növlərinin nüvə silahı yaradılması üçün yararlı olduğu qənaətinə gəlib.
Nəşrə görə, “Bushehr” reaktoru 15 il ərzində təxminən 210 ton istifadə edilmiş nüvə yanacağı toplayıb və bunun tərkibində 2000-2100 kiloqram plutonium ola bilər.
“Bir nüvə başlığının hazırlanması üçün təxminən 10 kiloqram plutonium tələb olunur və nəzəri hesablamalara görə, mövcud ehtiyat 200-dən çox nüvə bombasının hazırlanmasına kifayət edə bilər.
Plutoniumun emalı uran zənginləşdirməsindən fərqli olaraq daha kiçik laboratoriyalarda - “isti kameralar” adlandırılan məkanlarda həyata keçirilə bilər və bu obyektləri peykdən aşkar etmək olduqca çətindir”, - deyə müəllif yazıb.
Məqalədə PUREX adlı kimyəvi emal metodundan bəhs olunur. Bildirilir ki, bu üsulla istifadə edilmiş nüvə yanacağından plutonium və uran ayrılır və proses nisbətən kiçik obyektlərdə gizli şəkildə təşkil oluna bilər.
Nəşr həmçinin yazır ki, 2026-cı ilin əvvəlindən etibarən “Bushehr” obyektində beynəlxalq nəzarətdə ciddi boşluqlar yaranıb.
“Məlumata görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın əsas hissələrini dayandırıb və səkkiz ay ərzində obyektə BMT müfəttişləri daxil olmayıb.
Əvvəllər istifadə edilmiş nüvə yanacağının Rusiyaya göndərilməsi barədə razılaşmalar mövcud olsa da, hazırda həmin materialların böyük hissəsi İran ərazisində saxlanılır. Plutonium əsasında nüvə bombası hazırlamaq texniki baxımdan olduqca mürəkkəb prosesdir”, - deyə müəllif qeyd edir.
Məqaləyə əsasən, İranın hazırda rəsmi şəkildə qeydiyyata alınmış böyük nüvə yanacağı emalı müəssisəsi yoxdur və plutonium bombası üçün tələb olunan implozion tipli sxem yüksək texnoloji dəqiqlik tələb edir.
Sonda qeyd olunur ki, “Bushehr” ətrafında yaranmış vəziyyət beynəlxalq təhlükəsizlik sistemində yeni strateji reallıq yaradır və dünya ictimaiyyəti diqqətini yanlış istiqamətə yönəltmiş ola bilər.
Sevinc Əliyeva
Ordu.az