Ordu.az xəbər verir ki, sistem VIGU kompakt avtopilot və yönləndirmə dəsti ilə inteqrasiya olunmuş kompakt həll kimi nümayiş etdirilib.
Məlumata görə, TAYGAN sistemi avtomatik hədəf aşkarlama, hədəf izləmə və kilidlənmə imkanları ilə yanaşı uçuş zamanı dinamik hədəf seçimi və hədəf dəyişdirmə xüsusiyyətlərinə malikdir.
Tapşırığın ləğvi və avtonom şəkildə bazaya qayıtma imkanına sahib platforma bir operator tərəfindən idarə oluna bilir.
Sistem gündüz və termal hərəkətli kamera sistemi ilə də təchiz edilib. TAYGAN platformasının maksimal 250 km/saat uçuş sürətinə və 10 km-ə qədər operativ mənzilə malik olduğu bildirilir.
Təxminən 0,9 kq uçuş çəkisinə sahib sistemin 0,2 kq faydalı yük və ya döyüş başlığı daşıya bildiyi qeyd olunur. Sürətli yerləşdirmə arxitekturası sayəsində platforma 1 dəqiqədən az müddətdə tapşırığa hazır vəziyyətə gətirilə bilir.
Bundan əlavə, platformada avtonom naviqasiya və uçuş idarəetmə sistemi ilə real vaxt rejimində hədəf izləmə və yönləndirmə hesablama infrastrukturu mövcuddur.
Sistemin əsas komponentlərindən biri olan VIGU kompakt avtopilot və yönləndirmə dəsti də “HAN Robotics” tərəfindən bütün pilotsuz uçuş aparatı platformaları ilə uyğun şəkildə hazırlanıb.
78 qram ağırlığındakı sistem yüksək sürətli görüntü emalı, qabaqcıl yönləndirmə alqoritmləri və aşağı gecikməli məlumat ötürülməsi imkanları təqdim edir. 6×4×3 sm ölçülərə malik ultra kompakt VIGU sistemi ARM əsaslı real vaxt MCU dəstəkli yüksək məhsuldarlıqlı ikili prosessor arxitekturasından istifadə edir.
Sistemdə yüksək dəqiqlikli 6 oxlu IMU və yüksək ayırdetməli barometr yerləşdirilib. Rəqəmsal və analoq video giriş dəstəyi sayəsində fərqli sensor infrastrukturları ilə inteqrasiya təmin oluna bilir.
“Wi-Fi”, “Bluetooth” və “Ethernet” bağlantı dəstəyinə malik sistem PWM, UART, I2C və GPIO dəstəkli çevik giriş-çıxış arxitekturası təqdim edir. 6-28V DC giriş gərginliyi aralığı sayəsində sistem müxtəlif platformalara uyğunlaşdırıla bilir.
Şirkət nümayəndələri bildiriblər ki, VIGU sistemi kiçik ölçüsünə baxmayaraq, real vaxt görüntü emalı və yönləndirmə tapşırıqları üçün optimallaşdırılıb.
Sistem kompakt ölçü, aşağı çəki və modulyar bağlantı infrastrukturunu bir araya gətirərək antidron və avtonom hava platformaları üçün tapşırıq kompüteri və vizual yönləndirmə həlli kimi təqdim olunur.
Sevinc Əliyeva
Ordu.az