Ordu.az xəbər verir ki, sistem Yaxın Şərqdə fəaliyyət göstərən Kral Hərbi Hava Qüvvələrinin 9-cu eskadrilyasına məxsus “Typhoon” təyyarələrində operativ istifadəyə verilib.
APKWS standart 70 mm idarəolunmayan raketləri lazerlə yönələn dəqiq sursata çevirir.
Bu sayədə “Typhoon” döyüş təyyarələri pilotsuz uçuş aparatlarını “Meteor” və ya ASRAAM kimi “hava-hava” raketləri ilə müqayisədə daha aşağı xərclə zərərsizləşdirə biləcək.
Birləşmiş Krallıq Müdafiə Nazirliyi “BAE Systems” və “QinetiQ” ilə birgə aparılan işlər nəticəsində imkanın sınaq mərhələsindən operativ istifadəyə iki aydan daha az müddətdə keçirildiyini açıqlayıb.
Mart ayında yer hədəflərinə qarşı uğurlu atışların həyata keçirildiyi, aprel ayında isə Kral Hərbi Hava Qüvvələrinin pilotları tərəfindən hava hədəflərinə qarşı sınaqların uğurla tamamlandığı bildirilib.
Birləşmiş Krallığın müdafiə hazırlığı və müdafiə sənayesi naziri Lyuk Pollard məsələ ilə bağlı açıqlamasında bu sistemin cəmi bir neçə ay ərzində sınaqdan keçirilərək operativ vəziyyətə gətirilməsini böyük uğur kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu imkan Kral Hərbi Hava Qüvvələrinə daha çox pilotsuz uçuş aparatını daha aşağı xərclə vurmağa şərait yaradacaq.
Yayımlanan görüntülərdə Kiprdə yerləşən RAF Akrotiri bazasında dislokasiya olunan “Typhoon” təyyarələrinin “Meteor” və ASRAAM raketləri ilə yanaşı APKWS raket podları da daşıdığı görünür.
“Bu imkan “Typhoon”un qeyri-adi çoxfunksiyalılığını bir daha nümayiş etdirir”, - deyə Saymon Barns bildirib.
Birləşmiş Krallıq Müdafiə Nazirliyi bölgədə fəaliyyət göstərən Kral Hərbi Hava Qüvvələrinin mövcud böhran dövründə 2500 saatdan çox uçuş həyata keçirdiyini açıqlayıb.
Nazirlik həmçinin Səudiyyə Ərəbistanındakı “Sky Sabre”, Bəhreyndəki “Lightweight Multirole Missile” və Küveytdəki “Rapid Sentry” ilə ORCUS sistemlərinin yüksək hazırlıq səviyyəsində xidmət apardığını qeyd edib.
Birləşmiş Krallıq 2026-cı ilin yanvarında “Typhoon” parkının modernizasiyası üçün 650 milyon funt sterlinqdən çox investisiya ayrılacağını elan etmişdi.
Proqramın 1500-dən çox insana məşğulluq təmin etməsi və “Typhoon” təyyarələrinin ən azı 2040-cı illərə qədər xidmətdə qalmasını dəstəkləməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az