Ordu.az xəbər verir ki, bu barədə Rusiya müdafiə mediası məlumat yayıb.
Yayımlanan görüntülərdə ön gövdəsi uzadılaraq ikinci kokpit əlavə edilmiş təyyarənin taksi sınaqları keçirdiyi görünür.
Bununla da “Su-57” proqramında ixracyönlü yeni mərhələyə keçildiyi qiymətləndirilir.
Rusiya hərbi aviasiya bloqu “Fighterbomber”in rəhbəri İlya Tumanov mayın 16-da verdiyi açıqlamada təyyarənin “Su-57”nin yeni ikiyerlik modifikasiyası olduğunu təsdiqləyib.
Tumanov bildirib ki, təyyarənin “Su-57D”, “Su-57UB” və ya “Su-57ED” adlandırılması mümkündür.
Rusiya mənbələrinə görə, yeni variant əsasən xarici müştərilərin təlim və keçid ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanır.
Təkyerlik döyüş təyyarələrinin ixracında ikiyerlik təlim versiyalarının mühüm rol oynadığı, bu konfiqurasiyanın isə “Su-57”nin beynəlxalq bazardakı rəqabət qabiliyyətini artıracağı gözlənilir.
“Rosoboronexport” 2026-cı ilin aprelində “Su-57” üçün yeni ixrac müqavilələrinin imzalandığını açıqlasa da, müştəri ölkələrin adlarını açıqlamayıb.
Həmin dövrdə Əlcəzair Hərbi Hava Qüvvələrinin nişanlarını daşıyan “Su-57” görüntülərinin yayılması Əlcəzairin təyyarənin ilk xarici istifadəçisi ola biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
NATO kod adı “Felon” olan “Su-57” aşağı radarav görünmə xüsusiyyəti, daxili silah bölmələri, itələmə yönləndirmə sistemi və qabaqcıl sensorlarla təchiz edilmiş iki mühərrikli çoxməqsədli döyüş təyyarəsi kimi tanınır.
Təyyarə 2020-ci ildə Rusiya Hava-Kosmik Qüvvələrinin inventarına daxil edilib.
Sevinc Əliyeva
Ordu.az