Ordu.az xəbər verir ki, ABŞ Quru Qoşunları 2026-cı il mayın 15-də MOSAIC-26-03 kodu ilə yayımlanan çağırış çərçivəsində sənaye şirkətlərindən həll təklifləri istəyib.
Məlumata görə, müraciətlər 2026-cı il mayın 29-na qədər qəbul ediləcək.
ABŞ ordusu hazırda istifadə olunan hava hücumundan müdafiə sistemlərindəki bahalı önləyici raketlərə daha sərfəli alternativlər hazırlamağı hədəfləyir.
Xüsusilə aşağı xərcli pilotsuz uçuş aparatlarına qarşı milyonlarla dollar dəyərində önləyici raketlərin istifadəsi müdafiə büdcəsinə ciddi yük yaradır.
Bu çərçivədə yayımlanan məlumat sorğusunda tam önləyici raketin vahid xərcinin 1 milyon dollardan aşağı olması tələb edilir.
Raket mühərriki, axtarış başlığı və atış idarəetmə sistemi kimi alt komponentlərin xərcinin isə 250 min dollardan aşağı olması şərt kimi irəli sürülüb.
ABŞ ordusu hazırlanacaq yeni raketin mövcud M903 “Patriot Launcher” buraxılış qurğuları və “Integrated Battle Command System” komanda-idarəetmə arxitekturası ilə tam uyğun olmasını istəyir.
Bu yanaşma yeni raketin mövcud “Patriot” infrastrukturuna əlavə investisiya tələb olunmadan inteqrasiya edilməsinə imkan verəcək. Məlumat sorğusu çərçivəsində sənayedən tam önləyici raket, raket mühərriki, axtarış başlığı, atış idarəetmə sistemi və sistem inteqrasiyası sahələrində həllər tələb olunur.
Bu struktur modulyar açıq sistem arxitekturası konsepsiyası ilə müxtəlif şirkətlərin hazırladığı komponentlərin vahid həll çərçivəsində birləşdirilməsini nəzərdə tutur. Yeni önləyici raketin pilotsuz uçuş aparatları, qanadlı raketlər, yaxınmənzilli və qısamənzilli ballistik raketlərə qarşı effektiv olması gözlənilir.
ABŞ ordusu texnologiya hazırlıq səviyyəsi ən azı TRL 6 olan sistemləri qiymətləndirəcək. Seçiləcək həllərin ilk imkan nümayişlərinin 2026-cı maliyyə ilinin dördüncü rübündə keçirilməsi planlaşdırılır.
Ukraynadakı müharibədə müşahidə olunan intensiv raket və pilotsuz uçuş aparatı hücumları hava hücumundan müdafiə sahəsində xərc baxımından effektiv həllərin əhəmiyyətini bir daha ortaya qoyub.
Ekspertlər ABŞ ordusunun bu təşəbbüsünü mövcud önləmə konsepsiyalarında mühüm dəyişikliklərin xəbərçisi kimi qiymətləndirirlər.
Sevinc Əliyeva
Ordu.az