“Politico”: Roma Papası XIV Leo süni zəka komissiyası yaradır

2026/05/1779087566.jpg
Oxunub: 310     10:48     18 May 2026    
Roma Papası XIV Leo Vatikanın süni zəka ilə bağlı fəaliyyətini koordinasiya edəcək yeni komissiya yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, yeni qurum katolik kilsəsinin süni zəka ilə bağlı fəaliyyətlərini əlaqələndirmək məqsədi daşıyır.

Bu addım Roma Papasının ilk ensiklikasından, yəni pastoral məktubundan əvvəl atılır. Gözlənilir ki, həmin sənəddə süni zəkaya etik yanaşma əsas prioritet olacaq.

Vatikan şənbə günü yaydığı açıqlamada bildirib ki, pontifik süni zəka tətbiqlərinin artması, bunun insanlar və bütün bəşəriyyət üzərində mümkün təsirləri, eləcə də hər bir insanın ləyaqətinə dair kilsənin narahatlığı səbəbindən komissiyanın yaradılmasına qərar verib.

Açıqlama Roma Papası XIV Leonun ensiklikanı imzalamasından bir gün sonra verilib. Sənəd pontifikin yepiskoplara ünvanladığı və mənəvi məsələlərlə bağlı təlimatları əhatə edən məktub hesab olunur.

Gözlənilir ki, yaxın həftələrdə dərc olunacaq yeni ensiklikada süni zəka mövzusu kilsənin sosial təlimi çərçivəsində müzakirə ediləcək. Buraya əmək, ədalət və sülh kimi məsələlər də daxildir.

Bu, Roma Papası XIV Leonun süni zəka mövzusuna ilk müdaxiləsi deyil. O, 2025-ci ilin mayında seçildikdən bir neçə gün sonra kardinallara bildirib ki, Katolik kilsəsi süni zəkanın insan ləyaqəti, ədalət və əmək sahəsində yaratdığı çağırışlara qarşı “öz sosial təlim xəzinəsini” dünyaya təqdim etməlidir.

Ötən ilin iyununda isə Roma Papası süni zəkanın artan istifadəsinin mümkün mənfi nəticələrini tənqid edib.

Pontifik süni zəkanın xeyir məqsədilə istifadə potensialını qeyd etsə də, onun “eqoist maraqlar naminə sui-istifadə edilə biləcəyini”, həmçinin “münaqişə və aqressiyanın təşviqi vasitəsinə çevrilə biləcəyini” bildirib.

“Əminəm ki, hamımız uşaqlar və gənclərlə, eləcə də süni zəkanın onların zehni və nevroloji inkişafına mümkün təsirləri ilə bağlı narahatıq. Gənclərə yetkinlik və real məsuliyyət yolunda mane olmaq yox, yardım etmək lazımdır”, - deyə Katolik kilsəsinin rəhbəri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Süni-zəka  


Bizi "telegram"da izləyin