ABŞ-Çin-Rusiya üçbucağında yeni mərhələ: “Üçlü ittifaq” niyə alınmadı?

2026/05/1779085614.jpg
Oxunub: 646     10:25     18 May 2026    
Mayın 19-20-də Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Çində olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Vladimir Putin Çinə ABŞ prezidentindən dörd gün sonra gedəcək. Hətta Si Cinpinlə danışıqların “daha əvvəl planlaşdırıldığı” həqiqət olsa belə, hakim təəssürat bundan ibarətdir ki, o, “yoxlayıcı” səfər edir.

Avrasiya Əməkdaşlıq Assosiasiyasının prezidenti Tatyana Parxalina “Kommersant” qəzetinə bildirib ki, Si Cinpin və Donald Tramp dialoq çərçivəsindən çoxqütblü dünya mövzusunu kənarda saxlayaraq hamıya açıq şəkildə göstəriblər ki, söhbət yeni ikiqütblü dünyadan gedir.

Rusiyalı şərhçi bununla eyham vurub ki, Trampın Çinə səfəri “ikiqütblü dünya məntiqi” çərçivəsində olub və Rusiya prezidenti “balansı bərpa etməyə” çalışacaq. Donald Trampın Pekinə səfəri ABŞ-nin aparıcı media qurumları tərəfindən “o qədər də uğurlu olmayan” səfər kimi qiymətləndirilib.

Əgər Moskva bu kontekstdə Çin-ABŞ və Rusiya-Çin münasibətləri arasında “balansın bərpasına ehtiyac olduğunu” düşünürsə, onda əminliklə nəticə çıxarmaq olar ki, Rusiya ilə Çinin strateji tərəfdaşlığı barədə təbliğat, yumşaq desək, o qədər də inandırıcı deyil.

Maraqlıdır ki, ötən il Vladimir Putin ABŞ prezidenti ilə Ankoricdə keçirilən görüşdən təxminən iki həftə sonra Çinə səfər etmişdi. Bu dəfə isə onun Si Cinpinlə danışıqları ABŞ prezidentinin Pekinə etdiyi dövlət səfərindən sonraya təsadüf edir.

Dünya “çoxqütblü”, yoxsa ikiqütblü olmalıdır sualı görünür ki, ötən il Çin üçün prinsipial məsələ olub. Putin 2025-ci ildə Si Cinpini ABŞ prezidenti ilə sammitin “dünyanı iki yerə bölmək haqqında olmadığına” inandıra bildimi? Əgər “inandıra bildisə”, onda mayın 19-20-də Çin lideri də eyni “uğurla” ona Tramp ilə danışıqların “dünyanı iki yerə bölmək haqqında olmadığını” izah edəcək.

Lakin yekun nəticə ondan ibarətdir ki, Çin liderinin ABŞ-yə cavab səfərinin tarixi artıq dəqiq müəyyənləşdirilib: cari il sentyabrın 16-sı. ABŞ prezidenti isə çox qeyri-müəyyən şəkildə ilin sonuna qədər “Rusiyaya səfər edə biləcəyini” ehtimal edib.

Belə görünür ki, daha əvvəl ehtimal etdiyimiz kimi, Tramp-Si-Putin “üçlü ittifaqı” baş tutmur. Dünya yenidən ikiqütblü olacaq, yoxsa Avropa “müqəddəs üçlüyü tamamlayacaq”? Yaxud bəlkə yeni güc mərkəzi formalaşacaq? Trampa İranı məğlub etməyə kim “kömək edəcək”?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Rusiya  


Bizi "telegram"da izləyin