Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Tədbirin təşkilatçıları bildiriblər ki, toplantı ABŞ-nin dini təməllərini gücləndirmək məqsədi daşıyır.
Tənqidçilər isə tədbiri “xristian millətçiliyinin müdafiəsinə yönəlmiş kvazirəsmi mitinq” adlandırırlar.
Toplantıda müharibə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və Nümayəndələr Palatasının sədri Mayk Consonun çıxış edəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Trampın isə videobağlantı vasitəsilə iştirakçılara müraciət edəcəyi bildirilir.
Məlumata görə, tədbir Ağ Evin ABŞ-nin 250 illik yubileyi ilə bağlı proqramı çərçivəsində təşkil olunub.
Amerikalıları tədbirə dəvət edən videomüraciətdə Pit Heqset bunun “respublikanı yenidən Tanrıya və ölkəyə həsr etmək üçün imkan” olduğunu bildirib.
Qeyd olunub ki, Trampın yenidən hakimiyyətə qayıdışından sonra xristian millətçiliyi ideyaları daha geniş populyarlıq qazanıb və evangelistlər ABŞ prezidentinin əsas dəstək bazasını təşkil edir.
Pit Heqsetin ifrat mühafizəkar evangelist kilsəsinin üzvü olduğu və onun İranla bağlı çıxışlarında sərt xristian ritorikasından istifadə etdiyi vurğulanıb.
Agentlik qeyd edib ki, əvvəlki administrasiyalar da dini tədbirlərdə iştirak etsələr də, bazar günkü toplantı miqyası və yüksəkvəzifəli rəsmilərin iştirakı baxımından qeyri-adi hesab olunur.
Çıxış edəcək təxminən 20 dini liderin əksəriyyətinin evangelist protestant olduğu, yalnız bir ravvin və istefada olan katolik arxiyepiskopunun siyahıda yer aldığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az