Qalibaf ABŞ-nin bölgəyə təhlükəsizlik deyil, qeyri-sabitlik gətirdiyini bildirib

2026/05/1779036207.jpg
Oxunub: 406     20:39     17 May 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistanın daxili işlər naziri ilə görüşündə ABŞ-nin bölgədəki hərbi mövcudluğunun təhlükəsizlik deyil, qeyri-sabitlik yaratdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qalibaf qeyd edib ki, bölgədə baş verən son hadisələr ABŞ-nin iştirakının təhlükəsizliyə təminat vermədiyini göstərib.

Onun sözlərinə görə, bəzi dövlətlər Amerika hərbi mövcudluğunun onlar üçün müdafiə zəmanəti olacağına ümid edirdi, lakin son hadisələr bunun əksini sübut edib.

Qalibaf vurğulayıb ki, ABŞ və İsrail region ölkələrinə yalnız təhdid və qeyri-sabitlik gətirir.

İran parlamentinin sədri son müharibə zamanı Pakistana İrana verdiyi dəstəyə görə təşəkkür edib.

O bildirib ki, Tehran İslamabadın mövqeyini yüksək qiymətləndirib və İranın ali rəhbəri Ayətullah Əli Xameneyi münaqişə başlayandan sonra ilk müraciətində xüsusilə Pakistanın adını çəkib.

Qalibaf əlavə edib ki, Tehran ilə İslamabad arasında münasibətlər yüksək səviyyədə olsa da, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq daha sürətlə inkişaf etdirilməlidir.

Pakistanın daxili işlər naziri Möhsin Naqvi isə bildirib ki, İran tərəfi danışıqlarda milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, problemlərin sülh yolu ilə həllinə çalışıb.

Naqvinin sözlərinə görə, iki xalq əvvəllər də yaxın olub, lakin son dövrdə münasibətlər daha da möhkəmlənib.

O qeyd edib ki, pakistanlılar İranın uğurlarına səmimi şəkildə sevinir və gecə-gündüz İran xalqı, rəhbərliyi üçün dua edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   ABŞ   İran  


Bizi "telegram"da izləyin