Ordu.az xəbər verir ki, sistem sınaq mərhələsindən əməliyyat istifadəsinə iki aydan az müddətdə keçirilib.
Məlumata görə, RAF bu addımla aşağı xərcli hava hücumundan müdafiə imkanlarını artırmağı hədəfləyir. APKWS kimi tanınan sistem lazerlə idarəetmə texnologiyası vasitəsilə standart idarəolunmayan raketləri dəqiq sursata çevirir.
Beləliklə, pilotsuz uçuş aparatları və oxşar təhdidlər ənənəvi “hava-hava” raketləri ilə müqayisədə daha aşağı xərclə zərərsizləşdirilə bilir. Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, sistemin qısa müddətdə istifadəyə verilməsi “BAE Systems” və “QinetiQ” ilə aparılan sıx əməkdaşlıq sayəsində mümkün olub.
Mart ayında yerüstü hədəflərə qarşı həyata keçirilən sınaq atışlarından sonra, aprel ayında RAF-ın 41-ci Sınaq və Qiymətləndirmə Eskadrilyasına məxsus “Typhoon” pilotları tərəfindən uğurlu “hava-hava” nişanalması icra olunub.
Daha sonra sistem Yaxın Şərqdəki əməliyyat missiyalarına daxil edilib. RAF-ın 9-cu Eskadrilyasına aid “Typhoon” döyüş təyyarələrinin bölgədə APKWS sistemi ilə uçuşlar həyata keçirdiyi bildirilib.
Böyük Britaniyanın müdafiə hazırlığı və sənaye naziri Lyuk Pollard proqramın sürətinin hökumətlə sənaye arasındakı koordinasiyanın əhəmiyyətini göstərdiyini deyib.
“Bu sistemi bir neçə ay ərzində sınaqdan keçirmək və yerləşdirmək üçün sənaye ilə birlikdə möhtəşəm iş aparılıb. Bu, RAF-a daha aşağı xərclə daha çox pilotsuz uçuş aparatını vurmağa kömək edəcək”, - deyə Pollard bildirib.
O əlavə edib ki, RAF-ın “Typhoon” parkı Böyük Britaniya və NATO hava müdafiəsinin əsas elementlərindən biridir.
Nazirin sözlərinə görə, təyyarələr Avropanın şərq cinahında Rusiya pilotsuz uçuş aparatlarına qarşı missiyalar yerinə yetirir və Yaxın Şərqdə müttəfiqləri dəstəkləyir.
“BAE Systems” şirkətinin Hava Sektoru Qrupunun baş direktoru Saymon Barns isə APKWS inteqrasiyasının “Typhoon” platformasının çoxşaxəli imkanlarını nümayiş etdirdiyini bildirib.
“Bu imkan “Typhoon”un müstəsna uyğunlaşma qabiliyyətini göstərir və onun Avropa ilə Yaxın Şərqdə hava döyüşlərinin əsas platformalarından biri kimi rolunu gücləndirir”, - deyə Barns vurğulayıb.
“QinetiQ” şirkətinin baş direktoru Stiv Ueydi də mühəndis heyətinin sürətli inteqrasiya və canlı sınaq proseslərində kritik rol oynadığını qeyd edib.
Məlumata görə, APKWS inteqrasiyası xüsusilə aşağı xərcli pilotsuz uçuş aparatlarının artan təhdid yaratdığı Yaxın Şərq və Avropa əməliyyatlarında RAF-ın hava hücumundan müdafiə konsepsiyasını yenidən formalaşdıran addımlardan biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az