Belçika AIM-120 AMRAAM raketləri almaq istəyir

2026/05/Ekran-1779029242.jpg
Oxunub: 468     18:36     17 May 2026    
Belçika F-35 “Lightning II” döyüş təyyarələri və NASAMS hava hücumundan müdafiə sistemlərində istifadə etmək üçün yeni raket sifarişi verməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Belçikanın “L’Echo” nəşri məlumat yayıb.

Məlumata görə, Belçika ABŞ şirkətlərindən ümumi dəyəri 3 milyard avro olan hava hücumundan müdafiə və “hava-hava” raketləri almağı nəzərdə tutur.

Bu çərçivədə ölkə hava qüvvələri və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə ABŞ-dən 3,69 milyard ABŞ dolları dəyərində sursat tədarükünə icazə istəyib.

Sifariş paketinə “Raytheon” şirkətinin istehsalı olan AIM-120 AMRAAM raketləri daxildir.

Qeyd olunub ki, bu raketlərin Belçikanın arsenalında olan 45 ədəd F-35 “Lightning II” döyüş təyyarəsində istifadəsi planlaşdırılır.

Eyni zamanda raketlərin NASAMS hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilə bilməsi NATO ilə birgə fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə artırmağa hesablanıb.

Bu satınalma Belçikanın 36 milyard avroluq “Defense Planning 2030” müdafiə proqramı ilə də əlaqələndirilir.

Məlumata əsasən, təbəqəli hava hücumundan müdafiə modeli formalaşdırmağa çalışan Belçikanın sifariş paketinin həcmi yalnız sülh dövrü ehtiyatları üçün deyil, uzunmüddətli yüksək intensivlikli münaqişələrə hazırlıq məqsədi daşıdığını göstərir.

Raket sayının genişlənən F-35 parkını və planlaşdırılan 10 ədəd NASAMS batareyasını dəstəkləyəcək səviyyədə olduğu bildirilir.

Mümkün satış müqaviləsindən sonra Belçikanın “FN Herstal” vasitəsilə Avropada qismən AMRAAM istehsalı həyata keçirməyi planlaşdırdığı qeyd olunub.

Zutendal yaxınlığındakı müəssisələrdə raket komponentlərinin istehsalı və ya yekun montaj fəaliyyətlərinin həyata keçirilməsi nəzərdən keçirilir.

Belçika ilkin mərhələdə köhnələn F-16 parkını əvəz etmək üçün 34 ədəd F-35A sifariş vermiş, daha sonra isə NATO tələblərinə uyğun şəkildə bu rəqəmi 45-ə çatdırmışdı.

Həmçinin NASAMS tədarükünün təkbaşına təxminən 2,5 milyard avroya başa gələcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   AIM-120   AMRAAM  


Bizi "telegram"da izləyin