BCM daha beş israilli yüksəkvəzifəli şəxs barəsində həbs orderi verib

2026/05/1779026661.jpg
Oxunub: 440     18:01     17 May 2026    
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi israilli vətəndaşlarla bağlı daha beş yeni həbs orderi verib.

Ordu.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.

Məlumata görə, orderlərdən üçü siyasətçilərə, ikisi isə hərbçilərə aiddir. Həbs orderlərinin dəqiq nə vaxt verildiyi açıqlanmayıb.

Qeyd olunub ki, Beynəlxalq Cinayət Məhkəməsi tez-tez orderləri gizli şəkildə verir və sonradan ictimaiyyətə açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderləri 2024-cü ilin noyabrında verilib. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın 2024-cü ilin mayında orderlərin verilməsi üçün ictimai müraciət etməsindən sonra baş verib.

Həmin vaxt Xan bildirmişdi ki, hər iki lider Qəzzadakı müharibə zamanı İsrailin hərəkətləri ilə bağlı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyır.

Məhkəmənin əvvəlcə HƏMAS qruplaşmasının bir neçə yüksəkvəzifəli nümayəndəsi barəsində də həbs orderi verdiyi, lakin onların müharibə dövründə İsrail tərəfindən öldürülməsindən sonra həmin orderlərin ləğv edildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BCM   İsrail  


Bizi "telegram"da izləyin