Fələstin prezidentinin oğlu FƏTH partiyasında rəhbər vəzifəyə gətirilib

2026/05/1779025824.jpg
Oxunub: 443     17:47     17 May 2026    
Fələstin Prezidenti Mahmud Abbasın oğlu FƏTH partiyasının ali rəhbər orqanında yer alıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, uzun illərdən sonra ilk dəfə keçirilən Fələstin hərəkatının qurultayının ilkin nəticələri açıqlanıb.

64 yaşlı iş adamı Yasir Abbas partiyanın Mərkəzi Komitəsinə daxil olub. Bildirilir ki, o, təxminən beş il əvvəl atasının “xüsusi nümayəndəsi” təyin edilmiş və bununla da siyasi səhnədə görünməyə başlamışdı.

FƏTH hərəkatının həbsdə olan lideri Mərvan Bərğuti ilkin nəticələrə əsasən ən çox səs toplayaraq komitədə yerini qoruyub.

Cibril Rəcub isə 2017-ci ildən tutduğu komitənin baş katibi vəzifəsinə yenidən seçilib.

Fələstinin vitse-prezidenti Hüseyn əş-Şeyx, FƏTH rəhbərinin müavini Mahmud əl-Əlul və Fələstin kəşfiyyatının keçmiş rəhbəri Taufiq Tiravi də rəhbər orqanda yerlərini saxlayıblar.

Yeni simalar arasında “Əl-Əqsa Şəhidləri Briqadaları”nın keçmiş komandiri Zəkəriyyə Zübeydi də yer alıb. O, ötən il HƏMAS ilə əsir mübadiləsi razılaşması çərçivəsində İsrail həbsxanasından azad edilib.

Məlumata görə, iki qadın da rəhbər orqana daxil olub. Onlardan biri Ramallah qubernatoru Leyla Qənnamdır.

Ramallah, Qəzza, Qahirə və Beyrutda eyni vaxtda keçirilən üçgünlük qurultayda 2507 seçici iştirak edib. İştirak səviyyəsinin 94,64 faiz olduğu bildirilib.

Mərkəzi Komitədəki 18 yer uğrunda 59 namizəd, partiyanın parlamenti hesab olunan İnqilab Şurasındakı 80 yer uğrunda isə 450 namizəd mübarizə aparıb.

Şurada səslərin hesablanmasının hələ də davam etdiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   FƏTH  


Bizi "telegram"da izləyin