Polşa ABŞ qoşunlarının rotasiyasının dayandırılması səbəbini açıqlayıb

2026/03/1774860381.jpg
Oxunub: 407     13:10     17 May 2026    
Polşa Milli Təhlükəsizlik Bürosu ölkədə ABŞ hərbi mövcudluğu ilə bağlı mediada yayılan məlumatlardan sonra yaranmış qarışıqlığa münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun direktoru Bartoş Qrodetski “X” sosial şəbəkəsində paylaşım edib.

Qrodetski bildirib ki, ABŞ Polşanın ən mühüm strateji tərəfdaşı olaraq qalır və polşalı hərbçilərlə birlikdə ölkənin təhlükəsizliyinin təminatçısıdır.

Onun sözlərinə görə, Polşadakı ABŞ hərbçiləri NATO-nun gücləndirilmiş ön xətt mövcudluğu proqramı, “Atlantic Resolve” əməliyyatı və ABŞ ordusunun V korpusu çərçivəsində fəaliyyət göstərirlər.

Bu çərçivədə zirehli briqada döyüş qruplarının elementləri və digər bölmələr bir neçə bölgədə, eləcə də Redzikovodakı AEGIS ASHORE raketdən müdafiə bazasında yerləşdirilib.

Məlumata görə, Polşadakı ABŞ hərbçiləri və mülki personalın ümumi sayı sabit deyil və təxminən 10 min nəfər arasında dəyişir.

“ABŞ-nin daimi mövcudluğu əsasən Redzikovodakı raketdən müdafiə bazasının fəaliyyəti və Poznanda yerləşən V korpusun komanda-logistika elementləri ilə bağlıdır. Qeyri-daimi mövcudluğun əsas hissəsi isə zirehli briqada döyüş qrupunun rotasiya qaydasında yerləşdirilən bölmələri ilə əlaqəlidir”, - deyə Qrodetski qeyd edib.

O vurğulayıb ki, ABŞ-nin mövcudluğu çoxdomenli xarakter daşıyır və yalnız quru qoşunlarını deyil, aviasiya, helikopter, xüsusi təyinatlı bölmələr, həmçinin komanda-idarəetmə, kəşfiyyat və logistika elementlərini də əhatə edir.

Hazırda yalnız zirehli briqada döyüş qrupunun quru komponenti çərçivəsində Polşa ərazisində 5 mindən çox ABŞ hərbçisi yerləşdirilib ki, bu da son illərin orta göstəricisinə uyğundur.

Bildirilib ki, saydakı dəyişikliklər ABŞ qüvvələrinin Avropada davam edən rotasiyası ilə bağlıdır.

Rotasiya Texas ştatındakı “Fort-Hud” bazasından ABŞ-nin 1-ci Süvari Diviziyası tərəfindən həyata keçirilir. Polşada qüvvələrin köçürülməsi və artırılması davam edir. Artıq şəxsi heyətin 20 faizdən çoxu və texnikanın təxminən 70 faizi köçürülüb.

Milli Təhlükəsizlik Bürosunun qiymətləndirməsinə görə, rotasiyanın dayandırılması və ya ABŞ mövcudluğunun azaldılması ilə bağlı məlumatlar birbaşa Polşaya aid deyil.

Qeyd olunub ki, qrafik dəyişiklikləri Almaniyadan 2-ci Süvari Alayının çıxarılması planları ilə bağlı ola bilər. Həmin bölmənin daha əvvəl Polşa üçün nəzərdə tutulmuş qüvvələri qismən əvəz edə biləcəyi ehtimal edilir.

Büro direktoru bildirib ki, qeyri-müəyyənlik 2020-ci ildə imzalanmış genişləndirilmiş müdafiə əməkdaşlığı sazişinə dəyişikliklərlə bağlı konkret təkliflərin olmaması və Polşa Milli Müdafiə Nazirliyinin yeni yerləşdirmə məntəqələri barədə məlumat təqdim etməməsi ilə də izah olunur.

Onun sözlərinə görə, nazirlik ABŞ qüvvələrinin yerləşdirmə qrafikindəki dəyişikliklərlə bağlı əvvəlcədən məlumat almayıb ki, bu da strateji tərəfdaşla koordinasiyanı çətinləşdirir.

Bundan əvvəl ABŞ-nin 4 min hərbçidən ibarət briqadanı Polşaya göndərməkdən imtina etdiyi məlum olmuşdu.

Bunun fonunda Polşa mediası ABŞ Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keynin ölkəyə planlaşdırılan səfəri barədə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ   Qoşun  


Bizi "telegram"da izləyin