Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində “Missile Segment Enhancement Containerized Launcher” adlı konteyner tipli buraxılış qurğusu və “Remote Interceptor Guidance 360 Degrees” (RIG-360) sistemi hazırlanacaq.
Proqramın 2027-ci il mayın 31-dək tamamlanması planlaşdırılır.
Məlumata görə, “Patriot” hava hücumundan müdafiə sistemi hazırkı quruluşunda müəyyən sektoru əhatə edən AN/MPQ-65 radarı səbəbindən bütün istiqamətlərdən gələn təhdidlərə qarşı eyni anda tam gücü ilə nişanalma həyata keçirə bilmir.
Hazırlanacaq RIG-360 sistemi PAC-3 önləyici raketlərinə 360 dərəcə nişanalma qabiliyyəti qazandıraraq bu məhdudiyyəti aradan qaldıracaq.
Beləliklə, “Patriot” batareyaları radarın istiqamətindən asılı olmadan müxtəlif istiqamətlərdən yaxınlaşan ballistik raketlərə, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı effektiv fəaliyyət göstərə biləcək.
RIG-360 sisteminin “Northrop Grumman” tərəfindən hazırlanan “Integrated Battle Command System” (IBCS) arxitekturası ilə inteqrasiya olunacağı bildirilib.
Bu struktur müxtəlif radar və sensorlardan əldə olunan məlumatların vahid şəbəkə üzərindən istifadə edilərək uyğun önləyici sistemlərə ötürülməsinə imkan yaradır.
Müqavilənin ikinci mühüm elementi olan konteyner tipli buraxıcı qurğu isə PAC-3 raketlərinin standart daşınma konteynerləri daxilində yerləşdirilməsini təmin edəcək.
Bu həll “Patriot” raket tutumunun daha çevik şəkildə müxtəlif bölgələrə paylanmasına və logistika infrastrukturunun sadələşdirilməsinə töhfə verəcək.
“Patriot” sisteminin çoxistiqamətli nişanalma ehtiyacı Ukraynadakı müharibədə Rusiyanın müxtəlif istiqamətlərdən eyni anda həyata keçirdiyi ballistik raket, qanadlı raket və pilotsuz uçuş aparatı hücumlarından sonra daha da aktuallaşıb.
ABŞ ordusunun bu modernizasiya proqramı əməliyyat təcrübələrinin “Patriot” sisteminə tətbiqi baxımından mühüm addım hesab olunur.
Sevinc Əliyeva
Ordu.az