Bu çərçivədə ABŞ və İsrail hücumun ilk saatlarında İranın dini lideri Ayətullah Əli Xameneyinin Tehrandakı iqamətgahı və ofisinin yerləşdiyi ərazini hədəfə aldı. Həyata keçirilən bu “hədəfli hücumlar” nəticəsində Xameneyi qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri ilə birlikdə həlak oldu.
Bununla yanaşı, əməliyyatın ilk mərhələsində İranın müdafiə naziri, Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, Müdafiə Şurasının baş katibi kimi çox sayda yüksəkvəzifəli şəxs də zərərsizləşdirildi.
Gərginliyin artması
İranda 2025-ci il dekabrın 28-də ölkənin milli valyutasının xarici valyutalar qarşısında ciddi dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Böyük Bazarı sahibkarlarının başladığı etirazlar bir çox şəhərə yayıldı.
1979-cu il İnqilabından etibarən müşahidə edilən ən böyük hökumət əleyhinə etirazlar ABŞ və İsrail üçün bir “fürsət pəncərəsi” açdı.
Mümkün müdaxiləyə hazır olduqlarına dair siqnal verən ABŞ Prezidenti Donald Tramp bildirib: “Əgər İran hər zaman etdiyi kimi dinc nümayişçilərə atəş açar və onları öldürərsə, ABŞ onların köməyinə çatacaq”.
2026-cı il fevralı boyunca Oman vasitəsilə aparılan dolayı nüvə danışıqlarının iflasa uğraması və Donald Tramp administrasiyasının İranın nüvə potensialı ilə bağlı “artıq səbrimiz qalmayıb” açıqlamaları regionu geri dönüşü olmayan hərbi qarşıdurmanın astanasına gətirdi.
Tarixlər 2026-cı il fevralın 28-ni göstərdiyi zaman ABŞ “Epic Fury”, İsrail isə “Lion’s Roar” əməliyyatlarına başladı.
Əməliyyatın ilk mərhələsində “Arleigh Burke” sinfinə məxsus esmineslərdən buraxılan “Tomahawk” qanadlı raketləri ilə USS “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan F/A-18E/F və F-35C döyüş təyyarələri əsas rol oynayıb.
Həyata keçirilən bu müştərək hücum zamanı İranın nüvə infrastrukturu, hava hücumundan müdafiə sistemləri və komanda mərkəzləri intensiv atəşə məruz qalıb.
Hücumların intensivliyi ilə bağlı yayılan rəsmi məlumatlara görə, İsrail ilk 30 saat ərzində 2000-dən çox bomba istifadə etdiyini, ABŞ isə ilk 24 saat ərzində 1000-dən çox hədəfi vurduğunu açıqlayıb.
Hücumlar Tehran, İsfahan, Qum, Kərəc və Kirmanşah kimi şəhərlərdə yerləşən hərbi obyektləri, nüvə infrastrukturunu və komanda-idarəetmə mərkəzlərini hədəfə alıb.
İlk dalğa hücumları zamanı Tehranın Pasteur bölgəsi və Milli Təhlükəsizlik Şurasının binaları da ciddi zərər görüb.
Bununla yanaşı, mülki yaşayış məntəqələrində də böyük faciələr yaşanıb.
Minab şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz bazasının yaxınlığında yerləşən “Şəcərə-i Tayyibə” ibtidai məktəbini vuran “Tomahawk” qanadlı raketləri 168-i uşaq olmaqla 180-dən çox mülki şəxsin həyatını itirməsinə səbəb olub.
Şahidlər və xilasetmə qrupları məktəbin “double-tap” adlanan ikiqat zərbə üsulu ilə hədəfə alındığını bildirərkən, İran bu hücumu “bağışlanmaz müharibə cinayəti” kimi qiymətləndirib.
İran isə bu hücumlara “Gerçək Vəd 4” əməliyyatı ilə sürətli cavab verərək İsrail şəhərləri ilə yanaşı qonşu ölkələrdə yerləşən ABŞ bazalarına da zərbələr endirib.
ABŞ və İsrailin başladığı əməliyyatda qurudan, havadan və dənizdən buraxılan müxtəlif sursatlardan istifadə etdiyi məlumdur.
“Tomahawk” raketləri
ABŞ hücum zamanı istifadə edilən ilk sistemlərdən bəzilərinin “Tomahawk” raketləri olduğunu bildirib.
Bundan əlavə, hücumlarda “Tomahawk” raketinin yeni variantından istifadə olunduğuna dair məlumatlar da yayılıb.
Yayılan görüntülərdə bu yeni variantın tərs qanad quruluşuna malik olduğu müşahidə edilib.
Tərs qanad quruluşuna malik bu raketlərin yeni raket olub-olmadığı və ya “Tomahawk” raketlərinin bir variantı sayıldığı hələ dəqiq məlum deyil.
Sevinc Əliyeva
Ordu.az