Britaniyada müdafiə böhranı: Yeni silah alışları 2030-cu ilə qədər çıxılmaz vəziyyətə düşə bilər

2026/05/kuva--1778952255.jpg
Oxunub: 680     21:23     16 May 2026    
Böyük Britaniya Silahlı Qüvvələrinin büdcə çatışmazlığı səbəbindən müdafiə imkanlarını ciddi şəkildə artırmaqda çətinlik çəkdiyi və hökumətin 2030-cu ilə qədər yeni nəsil silah sistemlərinin təchizatı ilə bağlı böyük problemlərlə üzləşə biləcəyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın keçmiş Müştərək Qüvvələr Komandanlığının rəhbəri general Ser Riçard Barrons “The Times” qəzetinə açıqlamasında danışıb.

Barrons bildirib ki, hökumət kamikadze pilotsuz uçuş aparatları, “gəzən sursat”lar və süni zəka dəstəkli hərbi texnologiyalar kimi müasir sistemlərin alınması üçün kifayət qədər büdcə ayırmır.

Onun sözlərinə görə, investisiya çatışmazlığı ölkənin müdafiə sənayesi infrastrukturunu zəiflədir və yüksək texnologiya yönümlü şirkətlərin fəaliyyətlərini xarici ölkələrə köçürməsinə səbəb olur.

Məlumata görə, Britaniya Quru Qoşunları hazırkı vəziyyətdə tank, helikopter və artilleriya sistemləri kimi ənənəvi platformaların xərclərini belə çətinliklə qarşılayır.

Barronsun sözlərinə görə, mövcud vəziyyət Britaniya Baş Qərargah rəisi general Ser Roli Uolkerin müdafiə etdiyi “20-40-40” konsepsiyası ilə də ziddiyyət təşkil edir.

Bu strateji yanaşmaya əsasən, gələcəkdə quru qoşunlarının döyüş gücünün yalnız 20 faizi ənənəvi platformalardan ibarət olacaq, qalan 80 faiz isə aşağı xərcli istifadə edilə bilən sistemlər və avtonom pilotsuz uçuş aparatlarından formalaşacaq.

Lakin qeyd olunur ki, Britaniyanın mövcud büdcə strukturu bu müasir sistemlərin maliyyələşdirilməsinə imkan vermir.

Barrons əlavə edib ki, Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri də ciddi maliyyə çatışmazlığı yaşayır və əməliyyat imkanlarını tam şəkildə yenidən quracaq büdcəyə malik deyil.

Məlumata görə, hökumətin konkret addımlar atmaması uğurlu Britaniya müdafiə şirkətlərinin Almaniya, Polşa və ABŞ kimi daha sabit və böyük müdafiə müqavilələri təqdim edən ölkələrə yönəlməsinə səbəb olur.

Barrons xüsusilə Almaniyanın son dövrdə müdafiə xərclərini sürətlə artırdığına diqqət çəkib.

Onun sözlərinə görə, Berlin rəhbərliyinin onilliyin sonuna qədər müdafiəyə təxminən 165 milyard funt sterlinq ayıracağı gözlənilir və bu rəqəm Britaniya ilə Fransanın ümumi müdafiə büdcəsini üstələyə bilər.

Britaniyanın Baş naziri Kir Starmer NATO-nun müdafiə xərcləri üzrə ÜDM-nin 2,5 faizi hədəfinə 2035-ci ilə qədər çatacaqlarını açıqlasa da, bu planın necə həyata keçiriləcəyi ilə bağlı hələ dəqiq təqvim təqdim edilməyib.

Məlumata görə, müdafiə sektorundakı digər mühüm məsələ Müdafiə İnvestisiya Planıdır. Bu planın Müdafiə Nazirliyinin uzunmüddətli təchizat öhdəlikləri sayəsində şirkətlərə etimad yaratması nəzərdə tutulur.

Lakin hökumətin verilən vədlərə baxmayaraq hələ konkret addım atmadığı bildirilir. Gecikmələrin Britaniya ilə ortaq müdafiə layihələrində iştirak edən ölkələrdə də narahatlıq yaratdığı qeyd olunur.

Xüsusilə Yaponiyanın Britaniyanın əvvəllər vəd etdiyi maliyyəni təmin etməməsi səbəbindən GCAP altıncı nəsil döyüş təyyarəsi proqramındakı gecikmələri tənqid etdiyi bildirilib.

İtaliyanın müdafiə naziri Quido Krosettonun da Britaniyanı GCAP proqramı çərçivəsində texnologiya paylaşımında istəksiz davranmaqda ittiham etdiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Böhran   Silah  


Bizi "telegram"da izləyin