Ordu.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri ictimaiyyətdə “Trump” sinfinə məxsus adlandırılan yeni nəsil nüvə mühərrikli döyüş gəmisinin texniki detalları və büdcə planını açıqlayıb.
ABŞ nüvə mühərrikli döyüş gəmilərinin yüksək istehsal və texniki xidmət xərclərinə görə 1977-ci ildə əsası qoyulan USS “Arkansas” gəmisindən etibarən demək olar ki, yarım əsrdir nüvə enerjisi ilə çalışan yeni döyüş gəmisi inşa etməyib.
Nüvə mühərrikindən istifadə döyüş gəmilərinin dözümlülüyünü və üzmə məsafəsini artırmaqla yanaşı, onların maksimum sürəti daha uzun müddət saxlamasına və istiqamətləndirilmiş enerji silahları ilə radar sistemlərini enerji ilə təmin etməsinə imkan yaradır.
Buna baxmayaraq, bu gəmilər uzun illər xərc baxımından effektiv hesab olunmayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni gəmi inşa planına əsasən, 2056-cı ilə qədər 15 döyüş gəmisinin inventara daxil edilməsi nəzərdə tutulur. Bu gəmilərdən birincisinin 2036-cı ildə təhvil verilməsi planlaşdırılır.
2026-cı il apreldə yayımlanan büdcə sənədlərinə əsasən, Hərbi Dəniz Qüvvələri 2028-ci maliyyə ilində ilk gəmi üçün təxminən 17 milyard dollar, 2030-cu ildə isə ikinci gəmi üçün təxminən 13 milyard dollar maliyyə vəsaiti tələb etməyi planlaşdırır.
Bu rəqəm yaxın illərdə təhvil verilməsi gözlənilən “Gerald R. Ford” sinfinə məxsus üç nüvə aviadaşıyıcısı üçün müəyyən edilən təxminən 13-15 milyard dollarlıq xərc göstəricisini də geridə qoyur.
Nüvə mühərrik sistemlərinin platformaya inteqrasiyası həm əməliyyat imkanları, həm də ömürboyu xərc idarəetməsi baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.
Gəmi inşa proqramının rəsmiləri prosesi belə şərh ediblər:
“Donanmamız milli təhlükəsizliyimiz üçün ən geniş imkanlara malik suüstü döyüş gəmisinə layiqdir və buna ehtiyac duyur. Bu, güzəştlərlə kifayətlənəcəyimiz məsələ deyil. Nüvə enerjili bu döyüş gəmisi daha uzun əməliyyat məsafəsi, daha yüksək sürət və müasir müharibə üçün zəruri qabaqcıl silah sistemləri ilə donanmanın döyüş gücünü ciddi şəkildə artırmaq məqsədilə hazırlanıb”.
“Breaking Defense” nəşrinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Deril Kodl bildirib ki, “Trump” sinfinə məxsus gəmilər “Gerald R. Ford” aviadaşıyıcısına güc verən nüvə reaktoru ilə təchiz olunacaq.
Admiral Kodl qeyd edib: “Nüvə “zirehli” gəmisinin layihəsinə reaktor sistemi baxımından daxil edilən bütün texnologiyalar “Ford “sinfindən birbaşa götürülüb. Bu, döyüş sistemləri, radar sistemi və raket sistemlərinin böyük əksəriyyətinə də aiddir”.
Kodl gəminin nüvə enerjisi ilə işləməsindən “böyük həyəcan duyduğunu” bildirib və vurğulayıb ki, bu böyük döyüş gəmisi donanmanın gələcək münaqişələr üçün mühüm döyüş yükü imkanları qazanması baxımından kritik əhəmiyyət daşıyır.
O qeyd edib ki, gəminin nüvə mühərrikli olması lazım olan davamlılığı təmin edəcək. “Xüsusilə Atlantik okeanından üç dəfə böyük olan Sakit okeanda belə dözümlülük və uzun mənzilə ehtiyacım var ki, bu gəmi əsas döyüş platforması kimi xidmət göstərə bilsin”, - deyə admiral əlavə edib.
ABŞ-nin nüvə mühərrikli döyüş gəmisi addımı qlobal dəniz gücü balansındakı dəyişikliklərə birbaşa cavab kimi qiymətləndirilir.
Hazırda dünyada nüvə enerjili döyüş gəmilərinə malik yeganə ölkə olan Rusiya yaxın zamanda təxminən 28 min ton ağırlığında olan “Kirov” sinfinə məxsus “Admiral Naximov” raket kreyserinin uzunmüddətli modernizasiya işlərindən sonra yenidən dənizə buraxıldığını təsdiqləyib.
Modernizasiya edilən platforma 2500 kilometr mənzilli 3M14T “Kalibr” qanadlı raketləri və “9 Mach” sürətinə çata bilən 3M22 “Zircon” hipersəs gəmi əleyhinə raketlərini buraxa bilən 80 borulu yeni şaquli buraxılış sistemi ilə təchiz edilir.
Hazırda dünyanın ən ağır silahlandırılmış suüstü platforması hesab olunan “Kirov” sinfinə məxsus gəmilər bu hücum gücü ilə yanaşı uzaqmənzilli hava hücumundan müdafiə üçün S-300FM sisteminə uyğun 96 şaquli buraxılış qurğusuna da malikdir.
Sevinc Əliyeva
Ordu.az