ASELSAN-ın əldəqayırma partlayıcı qurğusu ovçusu EFES-2026-da təqdim olunub

2026/05/1778952116.jpg
Oxunub: 751     21:12     16 May 2026    
İzmir şəhərində keçirilən EFES-2026 Birləşmiş və Müştərək Döyüş Atışlı Sahə Təlimi çərçivəsində ASELSAN tərəfindən istehsal edilən və Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən Elektron Dövrəli Əldəqayırma Partlayıcı Qurğuların aşkarlanması və zərərsizləşdirilməsi sistemi təqdim olunub.

Ordu.az xəbər verir ki, təqdimat tədbiri Narlıdərə rayonunda yerləşən İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilib.

Tədbir zamanı məsul şəxslər nəqliyyat vasitəsi və sistem haqqında məlumat veriblər.

Hərbi personal nəqliyyat vasitəsinin avtonom istifadəsini praktiki şəkildə nümayiş etdirib və ərazidə yerləşdirilən əldəqayırma partlayıcı qurğunun aşkarlanması ssenarisini həyata keçirib.

Elektron Dövrəli Əldəqayırma Partlayıcı Qurğuların aşkarlanması və zərərsizləşdirilməsi sistemi yerləşdirilmiş nəqliyyat vasitəsi əvvəlcə ərazini darayaraq partlayıcı qurğunu müəyyən edib.

Yüksək Güclü Elektromaqnit Dalğası yayaraq qurğunu zərərsizləşdirən sistem ssenariyə uyğun olaraq bölgəyə yerləşdirilmiş rəqəmsal saata təsirini də nümayiş etdirib.

Dalğanın yayılması ilə birlikdə rəqəmsal saatın ekranındakı rəqəmlərin itdiyi, dalğaların dayanmasından sonra isə saatın özünü yenidən formatlayaraq işləməyə başladığı müşahidə olunub.

2026-cı il aprelinə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən sistem fiziki partlayış əvəzinə yüksək güclü elektromaqnit dalğaları yayaraq və hədəfdəki elektron dövrələrə zərər vuraraq onu fəaliyyətsiz hala gətirir.

Sistem təhlükələrin təhlükəsiz məsafədən zərərsizləşdirilməsi, birliklərin əməliyyat təhlükəsizliyinin artırılması, yol və marşrut təhlükəsizliyi, konvoy mühafizəsi, mina və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı həyata keçirilən fəaliyyətlərdə istifadə olunur.

Sistem avtonom xüsusiyyəti və radioelektron qarışdırma imkanları ilə də diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   EFES-2026  


Bizi "telegram"da izləyin