“KAAN bizim üçün ilk addımdır, daha güclülərini də hazırlayacağıq” - Ərdoğan

2026/05/1778945423.jpg
Oxunub: 474     19:28     16 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KAAN proqramı ilə bağlı açıqlamasında bildirib ki, KAAN Türkiyə üçün ilk addımdır və gələcəkdə daha güclü platformalar hazırlanacaq.

Ordu.az xəbər verir ki, Ərdoğan F-35 “Lightning II” proqramı ilə bağlı da danışıb.

“F-35 ilə bağlı tələblərimiz bəllidir. Həmkarlarımız amerikalı tərəfdaşları ilə təmaslarını davam etdirirlər. Müsbət nəticə əldə edəcəyimizə ümid edirik”, - deyə Türkiyə Prezidenti bildirib.

Qeyd olunub ki, 2026-cı il mayın 6-da Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə TUSAŞ arasında KAAN tədarük müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, 2028-ci ildən başlayaraq 2030-cu ilin sonuna qədər 20 ədəd Blok-10 KAAN döyüş təyyarəsinin Hərbi Hava Qüvvələrinin inventarına təhvil verilməsi planlaşdırılır.

Hazırda hazırlanması davam edən yerli TF35000 mühərrikinin gələcək mərhələdə “Blok-30” KAAN platformalarına inteqrasiya olunması nəzərdə tutulur.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib ki, KAAN layihəsi Türkiyənin aviasiya sahəsində çatdığı mühəndislik səviyyəsinin, texnoloji özünəinamının və tam müstəqil müdafiə sənayesi konsepsiyasının ən güclü simvollarından biridir.

Onun sözlərinə görə, layihə çərçivəsində 20-dən çox şəhərdə 300-dən artıq şirkət və 5 mindən çox əməkdaş fəaliyyət göstərir.

KAAN-ın 2024-cü ildə həyata keçirdiyi ilk uçuşdan sonra 2026-cı il etibarilə İnkişaf Sınaq Təyyarəsi-1-in istehsalı tamamlanıb və yerüstü sınaq mərhələsinə keçilib.

Tamölçülü struktur sınaq təyyarəsində statik sınaqların başlanması proqramın inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. KAAN-ın daxili və xarici asqı nöqtələrində çoxsaylı yerli sursatların daşınması planlaşdırılır.

İnteqrasiya olunacaq sursatlar arasında GÖKDOĞAN, BOZDOĞAN, SOM və SOM-J, SOM-M, KUZGUN, HGK-82, LGK-82, NEB, KGK və MAM-T yer alır. Bu geniş sursat inteqrasiyası sayəsində KAAN-ın həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarında yüksək çevikliklə fəaliyyət göstərməsi nəzərdə tutulur.

KAAN aşağı radara görünmə, supersəfər rejimi, daxili silah bölmələri, sensor birləşməsi, inteqrasiya olunmuş radioelektron mübarizə sistemləri və yüksək situasiya məlumatlılığı kimi beşinci nəsil döyüş təyyarəsi xüsusiyyətlərinə malik olacaq.

Platformanın maksimal qalxma çəkisinin 34 min 750 kiloqram, maksimal sürətinin “1,8 Mach” və xidmət tavanının 55 min fut olması planlaşdırılır.

KAAN-ın inventara daxil olması ilə Türkiyənin beşinci nəsil döyüş təyyarəsini hazırlayan və öz ehtiyaclarına uyğun istehsal edən məhdud sayda ölkələr arasında yer almağı hədəflədiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Ərdoğan  


Bizi "telegram"da izləyin