ASELSAN-ın qabaqcıl texnologiyaları EFES-2026 təlimində nümayiş etdirilib

2026/05/1778945382.jpg
Oxunub: 460     19:23     16 May 2026    
ASELSAN İzmir şəhərində keçirilən EFES-2026 Birləşmiş, Müştərək Döyüş Atışlı Sahə Təlimi çərçivəsində son dövrdə hazırladığı hərbi texnologiyaları yerli və xarici ziyarətçilərə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin koordinasiyası ilə keçirilən və beynəlxalq səviyyədə böyük maraq doğuran təlimdə müdafiə sənayesinin yerli imkanları nümayiş olunur.

Təlimlə paralel olaraq Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə təşkil olunan Müdafiə Sənayesi Sərgisində iştirak edən ASELSAN hazırladığı qabaqcıl texnologiyalarla həm ziyarətçilərin, həm də hərbi nümayəndə heyətlərinin diqqət mərkəzində olub.

Şirkət təlim sahəsində qurduğu stenddə yeni nəsil müdafiə sistemlərini nümayiş etdirərkən, Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv istifadə olunan məhsulları ilə də diqqət çəkib.

ASELSAN tərəfindən hazırlanan KOCATEPE Döyüş Meydanının İdarəetmə Sistemi təlimdə ilk dəfə istifadə olunub.

Stenddə KORKUT 25 hava hücumundan müdafiə sistemi, KILIÇ OSA, TUFAN kamikadze insansız dəniz platforması, elektro-optik sistemlər və “Polad Günbəz” elementləri də daxil olmaqla çoxsaylı sistemlər sərgilənib.

ASELSAN tərəfindən hazırlanmış KORKUT 35 Alçaq Hündürlükdə Hava Hücumundan Müdafiə Sistemi təlimin ən diqqətçəkən yerli sistemlərindən biri kimi ön plana çıxıb.

Sərgidə ASELSAN-ın radioelektron mübarizə şəraitinə davamlı, yüksək təhlükəsizlik səviyyəsinə malik mesajlaşma, fayl ötürmə və canlı görüntülü danışıq proqramı olan “ARTSoft” MAESTRO da istifadə olunub.

Bundan başqa, ACAR pilotsuz uçuş aparatı aşkarlama radarı, MİLKED yerüstü radioelektron dəstək sistemi, modernləşdirilmiş yedəkdə daşınan artilleriya sistemi, KALKAN hava hücumundan müdafiə sistemi, SERHAT minaatan aşkarlama radarı, ASELPOD elektro-optik hədəfləmə podu, İHTAR pilotsuz uçuş aparatına qarşı əks-tədbir sistemi, həmçinin “Polad Günbəz”in əsas komponentlərindən olan SİPER və HİSAR hava hücumundan müdafiə sistemləri daxil olmaqla 30-dan çox sistem təlimdə iştirak edib.

ASELSAN-ın sahədə istifadə olunan həlləri çoxsaylı xarici hərbi nümayəndə heyətləri və müdafiə sənayesi təmsilçiləri tərəfindən incələnib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   EFES-2026   Türkiyə  


Bizi "telegram"da izləyin