Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı quru sistemləri ixracatçısı “Otokar”, Rumıniyanın müdafiə sənayesi şirkəti “Bluespace Technologies” və Türkiyənin qabaqcıl avtonom texnologiyalar şirkətlərindən olan “Elektroland” bu layihə çərçivəsində əməkdaşlığa başlayıb.
Üç şirkət Rumıniya Silahlı Qüvvələrinin modernizasiya prosesində mühüm rol oynayacaq Çoxməqsədli İnsansız Quru Platforması Proqramı üçün strateji konsorsium formalaşdırıb.
Modulyar və NATO standartlarına tam uyğun olan insansız quru platforması ilk dəfə BSDA-2026 sərgisində nümayiş etdirilib.
“Otokar”-“Bluespace”-“Elektroland” konsorsiumu platforma istehsalı, avtonom idarəetmə sistemləri və tapşırıq avadanlıqları kimi kritik müdafiə imkanlarını bir çətir altında birləşdirib.
Qeyd olunub ki, layihə yalnız təchizat proqramı kimi deyil, Rumıniyada uzunmüddətli qabiliyyət yaradılması konsepsiyası ilə həyata keçirilir. Əməkdaşlıq çərçivəsində Rumıniyanın müdafiə ekosistemi, texnologiya transferi və yerli təchizat zəncirinin də inkişaf etdirilməsi nəzərdə tutulur.
Şirkətlər kritik alt sistemlərin istehsalına Rumıniya müdafiə sənayesi müəssisələrini də cəlb etməklə ölkədə yüksək əlavə dəyər yaratmağı hədəfləyir. Bildirilir ki, bu proses işçi heyətinin hazırlanmasından uzunmüddətli texniki xidmət infrastrukturunun qurulmasına qədər geniş sahəni əhatə edəcək.
Sərgidə təqdim olunan 6x6 modulyar şassi üzərində qurulan insansız quru platforması 1 ton faydalı yükdaşıma qabiliyyətinə malikdir. Platformanın ən diqqətçəkən xüsusiyyəti hər hansı konstruktiv dəyişiklik olmadan müxtəlif tapşırıq versiyalarına sürətli uyğunlaşdırılmasıdır.
NATO platformaları və müttəfiq komanda-idarəetmə sistemləri ilə tam uyğun olan arxitektura əməliyyat sahəsində yüksək qarşılıqlı fəaliyyət imkanı yaradır. Platformanın “Otokar” COBRA II 4x4 zirehli maşın parkı və digər müttəfiq sistemlərlə tam inteqrasiya şəraitində fəaliyyət göstərə biləcəyi bildirilib.
Yüksək təhdidli tapşırıqlarda hərbi personalın riskdən qorunmasına imkan verəcək platformanın eyni zamanda texnologiya transferi və Rumıniya müdafiə sənayesi imkanlarının genişlənməsi üçün yeni fürsətlər yaradacağı qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az