Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə tanış olan beş mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası hələlik İsrailə rəsmi sorğu göndərilməsi ilə bağlı yekun qərar verməyib.
ABŞ-İsrail danışıqları barədə məlumatlı mənbələr bildirib ki, təklifə əsasən vergi gəlirlərinin bir hissəsi ABŞ tərəfindən dəstəklənən Qəzza keçid administrasiyasına yönəldiləcək, qalan hissəsi isə islahatlar aparılacağı təqdirdə Fələstin Muxtariyyətinə veriləcək.
Fələstin tərəfi saxlanılan vergi vəsaitlərinin həcmini 5 milyard dollar qiymətləndirir.
Fələstin rəsmisi “Times of Israel” nəşrinə təsdiqləyib ki, ABŞ saxlanılan vəsaitin böyük hissəsinin Sülh Şurasına köçürülməsini təklif edib və bunun müqabilində ekvivalent məbləğin digər hissəsinin Fələstin Muxtariyyətinə verilməsi nəzərdə tutulur.
Bildirilib ki, Ramallah əvvəllər bu vəsaitlərin birgə istifadəsini, hətta Qəzzadakı mülki əhali üçün faydalı ola biləcək məqsədlər naminə belə qəbul etmirdi və bunu öz suverenliyinin pozulması kimi qiymətləndirirdi.
Lakin Fələstin tərəfi İsrail tərəfindən saxlanılan vəsaitlərin heç olmasa bir hissəsinə çıxış əldə etmək zərurətini nəzərə alaraq mövqeyini yenidən nəzərdən keçirir.
Mənbə vurğulayıb ki, Qüds bu vəsaitləri saxlamaqla Oslo razılaşmalarını pozur.
Hələlik ABŞ və İsrailin vergi gəlirlərinin Sülh Şurasına ötürülməsi üçün Fələstinin razılığını almağa çalışıb-çalışmayacağı məlum deyil.
Məqalədə qeyd olunur ki, fələstinlilərin öz vergi vəsaitlərinin Qəzzanın bərpası ilə bağlı Tramp planına yönəldilməsi, Fələstin rəhbərliyinin prosesdə iştirak etməməsi fonunda, Qərbin dəstəklədiyi Fələstin Muxtariyyətini daha da zəiflədə bilər.
Eyni zamanda İsrail tərəfindən vəsaitlərin saxlanılması İordan çayının qərb sahilində maliyyə böhranına səbəb olub.
İsrail Qəzzada tikinti layihələri çərçivəsində dağıntıların təmizlənməsi və müharibə dövründə fəaliyyət göstərmiş humanitar fondun xərclərinin qarşılanması üçün saxladığı milyardlarla dolların bir hissəsindən istifadə etməyi təklif edib.
Sülh Şurasının nümayəndəsi bildirib ki, onlar Trampın dəyəri 70 milyard dollar qiymətləndirilən 20 maddəlik planına dəstək məqsədilə bütün tərəflərdən resurs ayırmağı xahiş ediblər.
“Buraya həm Fələstin Muxtariyyəti, həm də İsrail daxildir. Bankda saxlanılan vəsaitlərin prezidentin planının icrasına heç bir töhfə vermədiyi şübhə doğurmur”, - deyə rəsmi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az