Köçəryan: “Son 5 il ərzində Paşinyan bütün yanaşmalarını 180 dərəcə dəyişib”

2026/05/1778942737.jpg
Oxunub: 463     18:39     16 May 2026    
“Son 5 il ərzində baş nazir Nikol Paşinyan bütün yanaşmalarını 180 dərəcə dəyişib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ararat şəhərində çıxışı zamanı deyib.

Köçəryanın sözlərinə görə, 5 il sonra Qarabağ itirilib, Paşinyan isə “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) səhv olduğunu, Ermənistanın Qarabağla heç bir əlaqəsinin olmadığını, bu illər ərzində orada heç nə tikilmədiyini bildirir.

O qeyd edib ki, hazırkı hakimiyyət artıq demokratiya barədə danışmağa belə cəsarət etmir, çünki ölkədə demokratiya mövcud deyil.

“Bu, hər şeydə 180 dərəcə dəyişiklikdir. O vaxt insanlar deyə bilərdilər ki, yaxşı, bu adam nə etsin, müharibədir, təcrübəsi yoxdur. Amma indi Nikol Paşinyana səs verən insan özünə sual verməlidir ki, niyə ona səs verir”, - deyə Köçəryan bildirib.

O vurğulayıb ki, hakimiyyətin bu qədər fəlakətdən sonra insanlara parlaq gələcək vəd etməsi onu heyrətləndirir.

“Əgər onda bir az utanc hissi olsaydı, kabinetindəki əşyalarını yığar və gedərdi”, - deyə o qeyd edib.

Köçəryan bildirib ki, seçicilər Paşinyana üçüncü şansı verməməlidir, çünki bunun nəticəsində Zəngəzur və hətta Göyçə də risk altına düşə bilər.

Onun fikrincə, Paşinyan növbəti ərazi güzəştlərinə hazırdır və onun siyasəti əslində müharibəyə dəvətdir.

“İki gün əvvəl ona “hambal” dedim və bu ifadə gündəmə çevrildi. Çox incidilər. Sən o adama nə desən fərq etmir. Burada əsas məsələ xalq olaraq ləyaqət uğrunda mübarizə aparmağa hazır olub-olmamağımızdır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin