Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan Vedidə keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı deyib.
O xatırladıb ki, hakimiyyət “müharibəni təhrik edib” və bu, 5 mindən çox insanın ölümü, eləcə də ərazi itkiləri ilə nəticələnib.
“İki gündür Rusiyanın əleyhinə danışırlar, bütün günahlarını indi də Rusiyanın boynuna atırlar”, - deyə sabiq erməni prezident vurğulayıb.
Köçəryan ölkə rəhbərliyini müharibədən sonra artıq Ermənistanın öz ərazilərinin təhlükə altına düşməsində də ittiham edib.
Onun sözlərinə görə, hakimiyyət hazırda vəziyyətin daha da pisləşdirilməsi yolu ilə gedir, faktiki olaraq ölkəni sosial problemlərə və yoxsulluğa aparır.
Köçəryan Rusiya ilə münasibətlərə xüsusi diqqət ayırıb. O, hakimiyyət nümayəndələrinin anti-Rusiya ritorikasını tənqid edərək bildirib ki, onlar bütün səhvlərini Moskvanın üzərinə atmağa çalışırlar və eyni zamanda Ermənistan iqtisadiyyatının Rusiya və Avrasiya İqtisadi Birliyindən asılılığını görməzdən gəlirlər.
“Ermənistan müttəfiqsiz və dostsuz qalmaq riski ilə üz-üzədir. Biz hakimiyyəti müharibəni təhrik etməkdə və 5 mindən çox insanın ölümünə səbəb olmaqda ittiham edəndə bizə deyirlər ki, “Niyə rəqəmləri şişirdirsiniz? Ölənlərin sayı 5 mindən xeyli azdır”, - deyə Köçəryan bildirib.
O qeyd edib ki, müharibəyə göndərilən insanların siyahıları olub və onların hər biri konkret şəxsiyyətə malik idi.
“Gətirdiyiniz tabutlar nömrələrlə geri qaytarılıb. İndi deyirik ki, onları açıqlayın, həmin insanların xatirəsinə hörmət edin. Əgər rəqəmlərdə səhvə yol vermişiksə, üzr istəyəcəyik. Məsələ rəqəmlərdə deyil. Öz qəhrəmanlarına hörmət etməyən xalq heç vaxt qəhrəmanlara sahib olmur”, - deyə o vurğulayıb.
Köçəryanın sözlərinə görə, hazırkı hakimiyyət cəmiyyətin keçmişi, tarixi və milli kimliyi ilə bağlarını qırmağa çalışır.
Bu kontekstdə o, milli simvollar mövzusuna da toxunub. Köçəryan bildirib ki, hakimiyyət hətta Ağrı dağına qarşı mübarizə aparır və imkan olsaydı, ermənilərin dağı görməməsi üçün qarşısına divar çəkərdi.
Çıxışının yekununda Köçəryan tərəfdarlarını səfərbər olmağa çağırıb.
Alpər Mövludoğlu
Ordu.az