İran prezidenti Roma Papasına məktubunda dünyanı ABŞ-nin tələblərinə qarşı çıxmağa çağırıb

2026/05/1778934541.jpg
Oxunub: 456     16:29     16 May 2026    
İran prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leoya ünvanladığı məktubda dünya ölkələrini Vaşinqtonun tələblərinə qarşı müqavimət göstərməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Pezeşkian məktubunda bildirib ki, 2026-cı il fevralın 28-də başlayan ABŞ-İsrail hücumları ayətullah Xameneyinin, yüksək vəzifəli siyasi və hərbi şəxslərin, eləcə də 3468 vətəndaşın ölümü ilə nəticələnib. Hücumlar məktəblərə, universitetlərə, xəstəxanalara, dini obyektlərə və infrastruktura ciddi ziyan vurub.

O, bu addımları açıq hərbi cinayət kimi qiymətləndirib.

Pezeşkian həm Qurandan, həm də İncildən təkəbbürü pisləyən hissələrə istinad edərək Roma Papasının hücumlarla bağlı “mənəvi, məntiqli və ədalətli mövqeyini” yüksək qiymətləndirib. O qeyd edib ki, hücumlar davam edən danışıqlar fonunda uydurma bəhanələrlə həyata keçirilib.

İran prezidenti ABŞ prezidentinin “İranın tarixi sivilizasiyasını məhv etmək” niyyətinin mütləq hakimiyyət düşüncəsini ortaya qoyduğunu bildirib.

Pezeşkian vurğulayıb ki, İranda müxtəlif dini icmalar əsrlər boyu dinc şəkildə birgə yaşayıb və İran heç vaxt qonşularını təhdid etməyib. Bununla belə, İran körfəzi sahillərində yerləşən ABŞ bazalarının hücumlar üçün istifadə olunması İran Silahlı Qüvvələrini qanuni özünümüdafiə məqsədilə cavab zərbələri endirməyə məcbur edib.

Hörmüz boğazı ilə bağlı danışan Pezeşkian bildirib ki, hazırkı təhlükəsizlik problemləri birbaşa ABŞ hücumları və dəniz blokadası ilə əlaqəlidir.

“Normal tranzit təhlükəsizlik problemləri aradan qalxdıqdan və İran beynəlxalq hüquqa uyğun tənzimləmə mexanizmlərini tətbiq etdikdən sonra bərpa olunacaq”, - deyə o qeyd edib.

Pezeşkian Pakistanın vasitəçiliyi ilə davam edən danışıqlara və diplomatiyaya İranın sadiq qaldığını da vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian   Roma-Papası  


Bizi "telegram"da izləyin