ABŞ-nin yeni “hava-hava” raketi görüntülənib - FOTO

2026/05/Ekran-3557844132.jpg
Oxunub: 599     12:58     16 May 2026    
F/A-18F “Super Hornet” üzərində ABŞ-nin yeni AIM-260 JATM “hava-hava” raketi görüntülənib.

Ordu.az xəbər verir ki, ABŞ-nin yeni AIM-260 JATM “hava-hava” raketinin F/A-18F “Super Hornet” üzərində şəkli sosial mediada paylaşılıb.

Uçuş sınaqlarının illər əvvəl başladığı məlum olsa da, indiyədək raketin çox az görüntüsü yayılıb. O, ABŞ inventarında uzun müddətdir xidmət göstərən AIM-120 AMRAAM raketlərini əvəz etmək və onları gücləndirmək üçün hazırlanır.

Aviasiya fotoqrafı Conatan Tvidi mayın 13-də Florida ştatındakı “Eqlin” Hava Bazasından havaya qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarələrinin şəkillərini çəkib. Bu çərçivədə Hava Sınaq və Qiymətləndirmə Eskadrilyası 31-ə (VX-31) məxsus F/A-18F “Super Hornet” döyüş təyyarəsinin sağ mühərrik hava girişinin bir qədər kənarında yerləşən gövdə stansiyasında yeni nəsil AIM-260 raketini daşıdığı görünür. Həmin təyyarədə mərkəz stansiyada infraqırmızı axtarış və izləmə (IRST) sensorlu dəyişdirilmiş yanacaq çəni, qanad uclarında isə uçuş məlumatlarının toplanması üçün podlar yerləşdirilib.


Şəkil AIM-260-ın xarici görünüşcə xeyli minimalist dizayna malik olduğunu təsdiqləyib. AIM-120-dən fərqli olaraq gövdənin orta hissəsində idarəetmə qanadcıqları və ya aerodinamik zolaqları olmayan raketin yalnız quyruq hissəsində 4 qanadcığı var. “The War Zone”un məlumatına görə, bu gövdə quruluşu raketin maksimum sürət və mənzilə çatması üçün optimallaşdırıldığını göstərir.

Raketin ön hissəsindəki sarı zolaq onun sınaq maketi deyil, “canlı yüksək partlayış qabiliyyətli döyüş başlığı” daşıdığını göstərir. Arxa hissədəki iki qara zolaq isə qabaqcıl raket mühərrikinin yerləşdiyi yeri göstərir. Bundan başqa, sınaq uçuşlarında vizual izləməni asanlaşdıran kvadrat işarələr də gövdədə diqqət çəkən detallardandır.

ABŞ Hərbi Dəniz və Hava Qüvvələrinin birgə həyata keçirdiyi layihədə inkişaf motivasiyasının arxasında Çinin son dövrlərdə mənzilini sürətlə artırdığı “hava-hava” raketləri, xüsusilə də PL-15 sistemi dayanır. Çin raketlərinin ABŞ döyüş təyyarələrini öz radar mənzilinə girmədən vurma qabiliyyətinə qarşı hazırlanan AIM-260-ın ən azı 120 mil (təxminən 193 km) və daha uzaqdakı hədəfləri dəqiq vurması nəzərdə tutulur.

Raketin ölçü xətləri qəsdən AIM-120 ilə demək olar ki, eyni saxlanılıb. Bunun əsas səbəbi yeni raketin F-22 “Raptor” və F-35 “Lightning II” kimi beşinci nəsil döyüş təyyarələrinin daxili silah bölmələrinə problemsiz yerləşməsini təmin etməkdir. Yeni raket ABŞ Hərbi Hava Qüvvələrinin gələcək insansız döyüş təyyarəsi layihəsi olan CCA proqramında da əsas silah kimi istifadə olunacaq.

“The War Zone”un məlumatına görə, AIM-260-ın ölçüləri böyümədən bu qədər böyük mənzilə çatması yüksək enerjili bərk yanacaqlı və ikipulslu (dual-pulse) raket mühərriki sayəsində mümkün olub. Əlavə gövdə qanadcıqları olmadığı üçün raketə yüksək manevr qabiliyyətini “thrust vectoring” (itələmə vektorlaşdırma) texnologiyası verəcək. Raketi AESA radar axtarıcı başlığı ilə yanaşı qabaqcıl şəbəkə mərkəzli döyüş qabiliyyəti də müşayiət edir. Bu sayədə raket onu atan stels tipli təyyarə radarını heç açmadan və yerini ifşa etmədən, ərazidəki başqa bir dost təyyarədən və ya radardan məlumat alaraq hədəfə yönələ biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket   AIM-260-JATM  


Bizi "telegram"da izləyin