Ordu.az xəbər verir ki, səfər çərçivəsində ordu generalı Kadıoğlu Portuqaliya Hərbi Hava Qüvvələrinin inventarında yer alan KC-390 “Millennium” hərbi nəqliyyat təyyarəsini yerində incələyib.
Səfərin ən diqqətçəkən hissələrindən biri “Beja” Hava Bazasında yerləşən KC-390 “Millennium” təyyarələrinin yoxlanılması olub.
Portuqaliya C-130 “Hercules” aviadaşıyıcı parkını yeniləmək məqsədilə KC-390 tədarük edən ilk Avropa ölkəsi olmuşdu. Braziliyanın “Embraer” şirkəti tərəfindən hazırlanan KC-390 “Millennium” orta sinfə məxsus reaktiv mühərrikli taktiki nəqliyyat təyyarəsi kimi fəaliyyət göstərir.
Platforma yük daşımaları, paraşüt desantı, tibbi təxliyə və havada yanacaq doldurma missiyalarında istifadə oluna bilir. Ordu generalı Kadıoğlunun həyata keçirdiyi yoxlama KC-390-ın Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək nəqliyyat təyyarəsi ehtiyacları baxımından mümkün alternativ kimi qiymətləndirilə biləcəyi barədə şərhlərə səbəb olub.
Səfər eyni zamanda Türkiyə ilə Portuqaliya arasında müdafiə əməkdaşlığının dərinləşdiyini göstərən mühüm addım kimi qiymətləndirilir. 2026-cı ilin may ayına olan məlumata görə, KC-390 “Millennium” 12 ölkə tərəfindən seçilib.
Son olaraq Birləşmiş Ərəb Əmirlikləri 10 təsdiqlənmiş və 10 opsional olmaqla ümumilikdə 20 təyyarə sifarişi ilə proqrama qoşulub. Portuqaliya isə 2019-cu ildə verdiyi beş təyyarəlik sifarişdən sonra əlavə təyyarə və opsiyalarla parkı genişləndirmək qərarı verib.
Təyyarəni seçən digər ölkələr arasında Braziliya, Macarıstan, Avstriya, Çexiya, İsveç, Niderland, Litva, Slovakiya, Cənubi Koreya və Özbəkistan yer alır.
KC-390 “Millennium”un əsas texniki xüsusiyyətləri belədir:
Maksimum yükdaşıma qabiliyyəti - 26 ton
Maksimum sürət - saatda 988 kilometr
Kreyser sürəti - saatda 870 kilometr
Əməliyyat uçuş tavanı - 11 min metr
80 hərbçi və ya 66 paraşütçü daşıma qabiliyyəti
Qısa və hazır olmayan uçuş zolaqlarından fəaliyyət imkanı
Döyüş təyyarələri və helikopterlərə havada yanacaq doldurma bacarığı
Çoxməqsədli quruluşu və yüksək performans göstəriciləri ilə KC-390 son illərdə dünyada ən çox maraq göstərilən hərbi nəqliyyat təyyarələrindən biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az