Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Bütün bunlar cəmiyyətin parçalanmasına gətirib çıxarır. Bu isə, yəqin ki, Ermənistan üçün mümkün olan ən böyük itkidir, birliyin itirilməsidir”, - deyə Volodin “X” sosial şəbəkəsində Paşinyanın addım və bəyanatlarının Ermənistan üçün hansı nəticələr doğura biləcəyi sualını şərh edərək yazıb.
Rusiya Dövlət Dumasının sədri qeyd edib ki, bir çox ölkədə böyük problemlər məhz bundan başlayıb.
“Burada istər-istəməz Ukrayna və 2014-cü ildə orada baş verən hadisələrlə paralellər yaranır. Avropa İttifaqının bir hissəsi olmağa çalışan Baltikyanı ölkələri də xatırlamaq olar, lakin zaman göstərdi ki, onlar bundan daha xoşbəxt olmadılar”, - deyə Volodin bildirib.
Bundan əlavə, o, “öz sözünü özü deyən” rəqəmlər təqdim edib.
Volodinin sözlərinə görə, Avropa İttifaqına mümkün üzvlüklə bağlı müzakirələr fonunda “Rusiya ilə ticarət dövriyyəsi 2025-ci ildə kəskin şəkildə, 45,4 faiz azalıb və bu mənfi tendensiya davam edir”.
O bildirib ki, “Ermənistanda çalışan və orada biznes quran Rusiya vətəndaşları müəssisələrini bağlamağa və ölkəni tərk etməyə başlayıblar ki, bu da yaranmış qeyri-müəyyənlik və gələcəkdə mümkün problemlərlə bağlıdır”.
“Ekspertlərin qiymətləndirmələrinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ölkəyə ÜDM-in 15-20 faizinin itirilməsi bahasına başa gələ bilər ki, bu da ən azı 5 milyard dollar deməkdir”, - deyə Volodin qeyd edib.
Onun fikrincə, “bu, yalnız zahirdən görünən hissədir”.
“İtkilər daha çox olacaq və onların hamısı maliyyə ilə bağlı deyil. Artıq tarixin yenidən yazılması, milli və ənənəvi əsasların sarsıdılması cəhdlərini görürük. Erməni xalqına Qərbin liberal dəyərləri təlqin olunur, kilsəyə qarşı təqiblər aparılır.
Yol seçimi ilk növbədə xalqın iradəsinə əsaslanan seçimdir. Siyasətçi hansı vəzifəni tutursa-tutsun, məhz bunu rəhbər tutmalıdır”, - deyə Rusiya Dövlət Dumasının sədri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az