Erməni ekspert: “Bu hakimiyyət hamının gözü qarşısında məğlub olur”

2026/05/1778918046.jpg
Oxunub: 393     12:02     16 May 2026    
“Mövcud hakimiyyət hamının gözü qarşısında məğlubiyyətə doğru gedir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr qrupu”nun həmtəsisçisi, erməni ekspert Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.

“Tarixi məğlubiyyət necə formalaşır?

Hamının gözü qarşısında bu hakimiyyət məğlub olur. İrəvanda, Gümrüdə, Vanadzorda, bütün vilayətlərdə, kəndlərdə. Hakimiyyətin heç bir sosial təbəqənin dəstəyi yoxdur. Hətta səhiyyə sahəsində seçkiqabağı sığortanın effekti də zəifləyir.

Hakimiyyətin xalqa, cəmiyyətə, seçiciyə təklif edəcək heç nəyi yoxdur. Heç bir proqram, heç bir layihə yoxdur. Yalnız təhdid və təhqir var. Ermənistan belə sözsüz hakimiyyət görməyib. Hətta 2021-ci ildə də nəsə deyirdilər, halbuki sonradan tam əksini etdilər. 2021-ci ildə heç olmasa gözəl aldadırdılar, indi isə buna da həvəsləri yoxdur. Yalan yeganə proqram tezisidir. Seçki kampaniyasının cəmi ilk həftəsində bu mənzərə aydın görünür. İkinci-üçüncü həftələrdə bu vəziyyət hamıya daha aydın görünəcək və “neytral-müşahidəçi” seçici müxalifətin keçid şansı olan 3-4 qüvvəsinin tərəfini tutacaq.

Müxalifətin qarşısında bir neçə sadə vəzifə dayanır: cəmiyyətin müxtəlif təbəqələri ilə hədəfli dialoqu genişləndirmək, riskləri izah etmək və onların neytrallaşdırılması ilə bağlı öz proqramlarını təqdim etmək. Əlbəttə ki, açıq-aşkar kobud səhvlərə yol verməməlidir”, - deyə o qeyd edib.

Hovhannisyan bildirib ki, hakimiyyətin özünü gücləndirmək üçün resursu yoxdur.

“Obyektiv olaraq yoxdur. Daha sərt təhqir edə, daha sərt hədələyə bilər, amma hansı hesabına mövqelərini gücləndirəcəyi görünmür. Əgər kobud pozuntulara və ya hansısa qüvvəyə qarşı qadağalara əl atsa, bu vəziyyəti daha da ağırlaşdıracaq. Əlbəttə, hələ də ağlında həm Moldova ssenarisi, həm Rumıniya ssenarisi, həm də Nikol ssenarisi var.

Hamı yaxşı dəyişikliklərə hazırlaşır

Seçki saxtakarlığı, inzibati və güc resurslarından sui-istifadə mexanizmi hələ də tam gücü ilə işləyir və hamının gözü qarşısında seçkilərin əvvəlcədən saxtalaşdırılması üçün texniki şərait yaradır. Məktəblərin mitinqlərə məcburi şəkildə cəlb olunması, dövlət və icma strukturlarının yorğun əməkdaşları, bütün gücü ilə hakimiyyət təbliğatına qoşulmuş dövlət qulluqçuları, dövlət büdcəsi və dövlət borcu hesabına seçicilərə edilən “yaxşılıqlar”. Yaxın 1-2 həftə ərzində dəyişiklik xəbəri və atmosferi onlara da çatacaq. Kollektiv müxalifət öz təmkin və inamı ilə bu qaçılmaz prosesə dəstək verməlidir”, - deyə erməni ekspert bildriib.

O vurğulayıb ki, öz məğlubiyyətini görən hakimiyyətin son cazibəsi güc komponentindən nəzarətsiz istifadə ola bilər.

“Məhz burada güc strukturlarının məsul şəxslərinin anlaması vacibdir ki, gedən hakimiyyətə göstərilən bu cür bahalı xidmətlərin əvəzini şəxsən özləri həyatlarının ən dəyərli illərini məhv edərək ödəyəcəklər. Buna görə də qanunsuz əmrləri yerinə yetirməzdən əvvəl yaxşı düşünmək lazımdır, çünki bunlar bu hakimiyyətin son əmrləri olacaq.

Son mərhələdə güc strukturları da görəcəklər ki, Ermənistanda ən dinc, ən qanuni və ən vacib anda yeni, güclü hakimiyyətin formalaşması prosesi gedir”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan  


Bizi "telegram"da izləyin