ABŞ-nin qoşun yerləşdirmə qərarını yenidən nəzərdən keçirməsindən sonra general Den Keyn Polşaya gedəcək

2026/05/1778917638.jpg
Oxunub: 384     11:46     16 May 2026    
ABŞ Prezidentinin əsas müşavirlərindən biri olan general Den Keyn çərşənbə günü Varşavaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə RMF 24 məlumat yayıb.

Məlumata görə, müzakirələrin əsas mövzularından biri Vaşinqtonun 4 min hərbçidən ibarət ABŞ briqadasının Polşaya göndərilməsi planını ləğv etməsi olacaq.

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri və Prezident Donald Trampın əsas hərbi müşaviri olan general Den Keynin çərşənbə gününə planlaşdırılan səfəri artıq Polşada böyük maraq doğurub.

Səfər Varşava ilə Vaşinqton arasında hərbi münasibətlərdə yaranmış gərginlik fonunda baş tutur. Gərginlik ABŞ-nin Polşaya briqada göndərməmək qərarından sonra yaranıb.

Zirehli briqadanın yerləşdirilməsinin ləğv olunduğunu ABŞ ordusunun qüvvələr komandanı general Kristofer LaNiva açıqlayıb.

O bildirib ki, verilmiş göstərişlər fonunda bu qərar “ən məntiqli variant” olub.

Polşa mediasının məlumatına görə, bu addım ölkədə ABŞ hərbi mövcudluğunun gələcəyi, həmçinin bütün Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi ilə bağlı çoxsaylı suallar doğurub.

ABŞ qərarına cavab olaraq Polşa hökuməti vəziyyəti aydınlaşdırmaq və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra addımlar atıb.

Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış general Keynlə görüş təyin edib. Görüşdə gələcək addımlar və hərbi əməkdaşlıq imkanları müzakirə olunacaq.

Bundan bir gün əvvəl Baş Qərargah rəisi general Veslav Kukula Avropadakı ABŞ qoşunlarının komandanı general Aleksus Qrinkeviç ilə görüşəcək.

Milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, özü və general Kukula general Qrinkeviç ilə daim əlaqə saxlayırlar.

Eyni zamanda bazar ertəsindən etibarən müdafiə nazirinin müavinləri Sezari Tomçik və Pavel Zalyevski ABŞ-yə səfər edəcəklər.

Onların missiyası beynəlxalq danışıqlar aparmaq və Polşanın bu məsələ ilə bağlı mövqeyini təqdim etmək olacaq.

Razılaşmaya əsasən, səfərdə Xarici İşlər Nazirliyi də iştirak edəcək və öz diplomatik addımlarını həyata keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Keyn   Polşa  


Bizi "telegram"da izləyin