Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İravani BMT-nin İqtisadi və Sosial Şurasının “Enerji axınlarının və təchizatının qorunması: beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal inkişafın təşviqi” adlı xüsusi iclasında çıxış edib.
O bildirib ki, beynəlxalq ictimaiyyət enerji bazarındakı hazırkı qeyri-sabitliyin əsas səbəbləri ilə dürüst şəkildə üzləşməli, yalnız nəticələri aradan qaldırmağa çalışmamalıdır.
Səfir qeyd edib ki, İran bir-biri ilə sıx əlaqəli olan iki səbəbdən zərər çəkib.
Onun sözlərinə görə, bir ildən az müddət ərzində İran iki dəfə qeyri-qanuni təcavüzün hədəfinə çevrilib və bu, BMT Nizamnaməsi ilə beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
İravani bildirib ki, hücumlar nəticəsində minlərlə dinc sakin, xüsusilə qadınlar və uşaqlar həlak olub, mülki, iqtisadi, enerji və ekoloji baxımdan həssas infrastruktura genişmiqyaslı ziyan dəyib.
Onun sözlərinə görə, bu dağıntıların ağır nəticələri hərbi əməliyyatlar başa çatdıqdan sonra da uzun müddət hiss olunacaq.
İravani mövcud böhran və qeyri-sabitliyin əsasını təşkil edən dörd amili xüsusi vurğulayıb.
Birinci amil kimi o bildirib ki, qeyri-sabitlik boş yerdə yaranmayıb.
Səfirin sözlərinə görə, bu vəziyyət İsrail və ABŞ-nin hərbi eskalasiyası və aqressiv addımlarının nəticəsidir. Həmin addımlar dünyanın ən strateji enerji və ticarət regionlarından birində gərginliyi artıraraq həm regional, həm də qlobal sabitliyi sarsıdıb.
İkinci amil kimi İranın neft, qaz və neft-kimya infrastrukturuna endirilən birbaşa zərbələrin Fars körfəzi regionuna ciddi iqtisadi və ekoloji ziyan vurduğu qeyd olunub.
Üçüncü amil olaraq İravani bildirib ki, uzunmüddətli regional təhlükəsizlik qarşıdurma və ya xarici dövlətlərə arxalanmaqla deyil, yalnız dialoq, qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, həmçinin real regional və beynəlxalq əməkdaşlıq vasitəsilə mümkün ola bilər.
İravani vurğulayıb ki, İran konstruktiv əməkdaşlığa sadiq qalır və aqressiya ilə hərbi eskalasiya dayandırılacağı, dəniz blokadası aradan qaldırılacağı təqdirdə Hörmüz boğazında sabitliyin, enerji təhlükəsizliyinin və normal şəraitin bərpası üçün səy göstərməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az