Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Məlumata görə, İkinci Dünya müharibəsindən sonra Yozef Mengele Avropadan qaçıb. Lakin onun barəsində beynəlxalq həbs orderi olmasına baxmayaraq, uzun illər İsveçrədə yaşadığına dair iddialar dolaşıb.
Tarixçilər dəfələrlə arxivlərə çıxış tələb etsələr də, İsveçrə hakimiyyəti indiyədək buna icazə verməyib.
Mengele Almaniyanın SS qoşunlarında xidmət etmiş həkim idi.
O, nasistlər tərəfindən işğal olunmuş Polşadakı Auşvits ölüm düşərgəsinə göndərilmişdi və burada qaz kameralarına göndəriləcək insanları seçirdi. Hesablamalara görə, həmin düşərgədə 1,1 milyon insan, o cümlədən təxminən 1 milyon yəhudi öldürülüb.
“Ölüm mələyi” kimi tanınan Mengele əsasən uşaqlar və əkizlər üzərində sadist tibbi təcrübələr aparılması üçün məhbuslar seçirdi, daha sonra isə onları ölümə göndərirdi.
Müharibədən sonra Mengele bir çox yüksək rütbəli nasist kimi sürətlə formasını və adını dəyişib.
Saxta pasport vasitəsilə o, Şimali İtaliyanın Genuya şəhərində yerləşən İsveçrə konsulluğunda Qırmızı Xaçın səyahət sənədlərini əldə edib və həmin sənədlərdən istifadə edərək Cənubi Amerikaya qaçıb.
Qırmızı Xaç bu sənədləri müharibə nəticəsində Avropada didərgin düşən və vətəndaşlığını itirən minlərlə insan üçün nəzərdə tutmuşdu. Lakin cinayət təqibindən yayınmağa çalışan nasistlər də həmin sənədləri əldə etməyə nail olmuşdular.
Qırmızı Xaç sonradan buna görə üzr istəyib.
Sevinc Əliyeva
Ordu.az