Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
“Akanates” müşahidə missiyasının məlumatına görə, bir sıra məktəb rəhbərləri və müəllimlər telefon zəngləri vasitəsilə şagirdlərin tədbirdə məcburi iştirakını təmin etmələri üçün sərt və yüksək tonla təlimatlandırılıblar.
Qəzet qeyd edir ki, sənədləşdirilmiş məlumatlara əsasən, Tsağkaşen kənd məktəbinin direktoru şagirdləri dərslərdən azad etməklə yanaşı, onlara hakim “Vətəndaş Müqaviləsi” partiyasının simvolları olan köynəklər də paylayıb.
“Müşahidə missiyası həmçinin insanların, xüsusilə uşaqların tədbirə cəlb olunması prosesinin Araqatsotn vilayətinin keçmiş rəis müavini Edqar Parvanyan tərəfindən koordinasiya edildiyini bildirib. Məlumata görə, Parvanyan iştirakçıları şəxsən qarşılayıb, təbliğat bayraqları paylayıb və tədbir zamanı kimin harada dayanmalı olduğunu izah edib”, - deyə nəşr bildirib.
“Joğovurd” qəzeti Araqatsotn vilayət rəisi Sergey Movsisyanla əlaqə saxlayaraq baş verənlərə görə siyasi və inzibati məsuliyyət daşıyıb-daşımayacağını və istefa verib-verməyəcəyini soruşub.
Movsisyan cavabında bildirib: “Əvvəla, mən məzuniyyətdəyəm, heç kimə tapşırıq verə bilmərəm. Baş nazir hər şeyə cavab verib. Bildiyimə görə, direktorlarla bağlı xidməti araşdırma başlayıb və qanuna uyğun olaraq hamı məsuliyyət daşıyacaq. Başqa deyəcəyim bir şey yoxdur. Bildiyim qədərilə Aparan icmasında Nikol Paşinyana sevgi çox böyükdür. Buna görə müəllimlər və şagirdlər baş naziri görməyə gəliblər. Bizim tərəfdən yönləndirmə və ya inzibati resurs istifadəsini istisna edirəm. Xidməti araşdırma hər şeyi aydınlaşdıracaq, aidiyyəti qurumlar işləyəcək və qiymət veriləcək. Heç bir qanunsuzluq gizli qalmayacaq, şəffaflıq təmin olunacaq”.
Qəzetin sualına cavab olaraq Movsisyan yalnız Nikol Paşinyanın tədbirində müəllim və şagirdlərin iştirak etdiyini belə izah edib: “Əgər mənim fikrimi soruşursunuzsa, bəli. Kampaniyamızın canlı yayımını açın və uşaqların nə qədər fəal olduğunu görün. Biz özümüz də təəccüblənirik ki, uşaqlar necə təbliğatın lokomotivinə çevriliblər”.
İstefaya gedib-getməyəcəyi ilə bağlı suala isə o, cavab olaraq deyib: “Belə bir şey ortaya çıxa bilməz. Siz məndən mənim aidiyyətim olmayan məsələ barədə soruşursunuz”.
Məqalədə qeyd olunur ki, müşahidə missiyası uşaqların və işçilərin tədbirə cəlb edilməsinin təşkilatçısının Araqatsotn vilayət rəisinin keçmiş müavini Edqar Parvanyan olduğunu müəyyən edib. Movsisyan isə bildirib: “Mənim belə müavinim yoxdur. Vilayətdə bu ad-soyadda vitse-qubernator yoxdur”.
Qəzet xatırladır ki, Parvanyan 2021-ci ildə “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən Aparan genişləndirilmiş icmasının rəhbəri vəzifəsinə namizəd göstərilmişdi.
“O, 2023-cü ildə Baş nazir Nikol Paşinyanın əmri ilə Araqatsotn vilayətinin vitse-qubernatoru vəzifəsindən azad edilmişdi. Onun adı səs-küylü cinayət işi ilə hallanırdı.
2022-ci ilin iyununda Aparanda yol insidentindən başlayan mübahisə ertəsi gün kütləvi qarşıdurmaya çevrilmiş, hadisə zamanı odlu silahdan istifadə olunmuşdu. Nəticədə iki nəfər ölmüş, daha beş nəfər yaralanmışdı.
Mətbuatda yayılan məlumatlara görə, mübahisə edən şəxslər “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Matevos Asatryanın qohumları və Edqar Parvanyanın əmisi oğlu olub. Mübahisənin isə aparanlı gənclərin Nikol Paşinyanı təhqir etməsindən başladığı iddia edilirdi. Həm ölmüş deputat Asatryan, həm də Parvanyan həmin məlumatları təkzib etmişdilər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az