Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, həmin hesablar “Vətəndaş Müqaviləsi” partiyasına və xüsusilə Nikol Paşinyana dəstək ifadə edir.
Qəzet qeyd edir ki, bu şəxslər həmçinin iyunun 7-də guya xüsusi olaraq Rusiyadan gəlib “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəklərini bildirirlər.
“Hakimiyyət təbliğatçılarının düşüncəsində yaranan bu “dahiyanə” ideyanın bir neçə səbəbi var. Birinci səbəb kimi göstərilir ki, bununla Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin Rusiyada yaşayan ermənilərin Ermənistan hakimiyyətinə münasibətini əks etdirmədiyi nümayiş etdirilməyə çalışılır.
Bununla Rusiyadakı ermənilərin narahat olmadığı, Nikol Paşinyanı “sevməyə və ona pərəstiş etməyə” davam etdiyi, Putin-Paşinyan münasibətlərinin isə soydaşları üçün problem yaratmayacağı görüntüsü formalaşdırılır. İkinci səbəb isə Rusiyada yaşayan ermənilərdən bəzilərinin müxalifət tərəfindən Ermənistana gətiriləcəyi halda belə onların yenə də gəlib “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəkləri təəssüratı yaratmaqdır”, - deyə nəşr bildirib.
Qəzet xatırladıb ki, cəmi bir neçə həftə əvvəl hakimiyyət nümayəndələri müxalifətin xeyrinə səs vermək üçün Ermənistana gələn şəxslərin birbaşa hava limanında həbs ediləcəyi ilə hədələyirdilər.
Alpər Mövludoğlu
Ordu.az